"Bu ayda həm ifratdan, həm də israfdan uzaq durmaq lazımdır"


Digərləri 01 İyn 2018 23:43:00 339 0

"Bu ayda həm ifratdan, həm də israfdan uzaq durmaq lazımdır"

İlahiyyatçı Elvüsal Məmmədov: "Ürəyimizdə heç kimə qarşı kin bəsləməməli, hər kəsə xoş niyyətli olmalıyıq" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Tutdum orucu iramazanda  Qaldı iki gözlərim qazanda"    Ramazan ayı insanın həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq. Bəziləri düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Bir ay boyunca tutulan oruclar insan sağlamlığı üçün də çox böyük əhəmiyyətə malikdir. Müsahibimiz, ilahiyyatçı, şərqşünas, fəlsəfə doktoru Elvüsal Məmmədovla bu ayın mahiyyətindən, savabından və bu mövzuda sual doğuran bəzi məqamlardan danışdıq.   - İlk olaraq Ramazan ayının mahiyyəti, əhəmiyyəti haqqında danışaq.

- Bu ay digərlərindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə sahibdir. Hər şeydən əvvəl, Ramazan, Allahın bərəkət bəxş etdiyi aydır. Bu ayda bərəkət artır.  Həmçinin Quranın bu ayda nazil edilməsi Ramazan ayını digər aylardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məhəmməd Peyğəmbərimizin də bildirdiyi kimi, bu ay insanların bağışlandığı, savabların çoxaldığı ayıdır. Yəni adi günlərdə bir yaxşılıq edən bir savab qazanırsa, bu ayda savabın sayı 10-a yüksəlir. Duaların qəbul olduğu aydır. Həm də Ramazan orucun tutulduğu aydır. Bu ayda oruc tutanın iftardakı duası daha tez qəbul olunar. Tanrı insanları cəhənnəmdən azad edər, cənnətin qapılar açılar, cəhənnəmin qapıları bağlanar.   - Bu ayda insanlar necə davranmalı, hansı əməllərlə məşğul olmalıdır?

- Təbii ki, Allahı razı salacaq, Allahla, həm də başqa insanlarla olan sosial münasibətlərini yaxşılaşdıracaq əməllərlə məşğul olmalıdır. Hər şeydən əvvəl, bu ayda oruc tutmalı, Quranı oxumalı, namazlar zamanında qılmalıdırlar. Əlavə namazlara üstünlük verməli, sədəqə çıxarmalı, bağışlanmaq üçün dua etməlidirlər. Bunlar qulla Allah arasında imanı zənginləşdirən əməllərdir. Gecə namazları da bura daxildir. Peyğəmbərimiz buyurub ki, gecə namazları möminin şərəfidir. Gecə hər kəsin yatdığı bir vaxtda namaz qılmaq, Allaha dua etmək, onunla danışmaq özü böyük savabdır. O ki qaldı sosial əməllərə, hər şeydən əvvəl əxlaqımızı gözəlləşdirməliyik. Səbirli olub, danışığımıza, hərəkətlərimizə fikir verməliyik. Sosiallığımızı artırmaq üçün iftar süfrələri təşkil etməliyik.

- Ramazanda insan ruhunu necə qidalandırmalıdır?

- Hər şeydən əvvəl nə üçün oruc tutduğunu bilməlidir. Quranda bildirilib ki, təqva sahibi olmaq üçün oruc tutmaq lazımdır. Bəs təqva nədir? Təqva möminliyin ən ali dərəcəsidir. Yəni elə bir dərəcədir ki, insan özünü orda tam fərqli hiss edir, əməlləri gözəl olur. Təqva hər şeydən əvvəl həyat tərzidir. Hz. Əli belə bir tərif verir ki, təqva Allahdan qorxmaqdır, Allahın nazil etdikləri ilə yaşamaq, aza qane olmaq və ölüm gününə hazırlaşmaqdır. Həmçinin təqva bu dünyada günahlardan çəkinərək yaşamaqdır. Bunun üçün də hər şeydən əvvəl orucu düzgün tutmaq lazımdır. Yəni yalnız ac və susuz qalmaqla oruc tutulmur. Oruc olarkən digər əzalarımızın və orqanlarımızın da günah əməllərdən uzaq olmasına çalışmalıyıq. Ac və susuz qaldığımız kimi, yalan da danışmamalıyıq. Saxtakarlıq və qeybətdən uzaq olmalıyıq. Haram işlərdən çəkinməli, ürəyimizdə heç kimə qarşı kin bəsləməməli, hər kəsə xoş niyyətli olmalıyıq. Bunları layiqincə yerinə yetirə bilsək, tanrının buyurduğu möminlik dərəcəsinə çatmış olarıq.

- Orucu kimlər tuta bilər, kimlər yox?

- Orucu o kəslər tuta bilər ki, müsəlmandırlar, həddi-buluğa çatıblar, dinin buyurduğu qaydalardan agahdırlar. Amma xəstələr, yaşlılar, süd verən analar və hamilə xanımlar, səfərdə olanlar, ailəsinin ruzisi üçün çətin və ağır işdə çalışanlar (təbii ki, sonra bunun qəzalarını tutmaq şərti ilə) bir də düşmənə yaxın olan sərhəd bölgəsində olan əsgərlər orucdan azaddırlar. Çünki onlar daim ayıq-sayıq, hazır vəziyyətdə olmalıdırlar.   - Orucu pozan əməllər nələrdir?

- Ümumiyyətlə, insanın daxilinə istər qulaq, burun dəliyindən, istərsə də qida borusundan nəyinsə şüurlu şəkildə daxil olması orucu pozur. Həmçinin evli insanların həyat yoldaşları ilə münasibətdə olmaları orucu pozur. Ancaq digər pis davranışlar - söyüş, qeybət və s. bunlar orucu pozmur, amma savabını azaldır.   - Deyilənə görə, Ramazan ayı imkansızlara, yemək və içməyi olmayanlara qarşı şəfqətli olmağı öyrədir. Oruc tutanlar ac insanları başa düşürmü?

- Bəli, orucun bu funksiyası da var. Oruc kasıblıq, çətinlik, məhrumiyyət nədir bilməyən insanlara başqalarının halını anlamağı öyrədir. Təbii ki, əgər insan tərbiyə almış biridirsə, bir qədər ac qaldıqda, sözün həqiqi mənasında, aclığın nə olduğunu anlayır. Kasıbların, yeməyə-içməyə heç nəyi olmayanların vəziyyətini başa düşür.


Xəbərə aid fotolar