Xalq artistinin direktor əri: "Brilliant Dadaşova həyat yoldaşım olmasaydı..." MÜSAHİBƏ FOTO


Şou-biznes 01 İyn 2018 22:37:00 313 0

Xalq artistinin direktor əri: "Brilliant Dadaşova həyat yoldaşım olmasaydı..."  MÜSAHİBƏ  FOTO

Son.az Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin publika.az-a müsahibəsini təqdim edir.

- Ədalət bəy, teatr həyatınıza necə daxil oldu və necə oldu ki, həyatınızın ayrılmaz hissəsinə çevrildi?

- Bu sualın çox sadə, həm də mürəkkəb cavabı var. Ona görə mürəkkəbdir ki, teatr həyatıma gözlənilmədən daxil olub. Sözün yaxşı mənasında teatr elə bir xəstəlikdir ki, ona düçar olduqdan sonra xilas ola bilmirsən.

İxtsasca iqtisadçıyam, işə düzələndə direktor müavini idim. Düşünürdüm ki, müəyyən müddətdən sonra teatrdan gedəcəm və iqtisadiyyat sahəsində çalışacağam. Mədəniyyət və İncəsənət universitetini bitirsəydim, yaxud rejissor olsaydım, perspektiv görərdim. Lakin tamaşaların yaradılması prosesini gördükdən sonra fikrini dəyişdim. Teatr özündə həm yaradıcılığı, həm yüksək sənəti, həm də istehsalatı birləşdirir. Bütün bunlar məni o qədər cəlb etdi ki, Rus Dram Teatrı indiyə kimi ikinci evim sayılır, özümü teatrsız təsəvvür edə bilmirəm.

- İqtisad Universitetini bitirmisiniz. Təhsil aldığınız ixtisas yaradıcılıq işlərində sizə kömək edir və ya mane olur?

- Teatrda işlədikdcə həm rejissorlardan, həm də aktyorlardan bu sənətə aid məsələləri zamanla öyrənirsən. Tamaşa qoya və ya aktyorluq edə bilmərəm, təşkilati işlərlə məşğul oluram. Bu məsələdə də iqtisadi savadımın payı böyükdür.

- Rus Dram Teatrı ilə ilk tanışlığınızı xatırlayırsınız?

- Teatra ilk dəfə 5 yaşımda, yolka şənliyinə gəlmişdim. İndiki kimi yadımdadır... Şaxta baba bizi əyləndirəndə xalatının altından pijamasını gördüm. Pijamanı görən kimi anladım ki, o, şaxtababa deyil, bütün uşaqlıq xəyallarımı əlimdən aldı. Bu hadisə mənə dərs oldu.

Rus Dram Teatrında həftədə iki dəfə uşaq tamaşaları nümayiş olunur. Bu tamaşaları aktyorların obrazlarına xırdalıqlarına qədər fikir verirəm ki, uşaqlar özlərini nağıllar aləmində hiss etsin, maksimum inandırıcı olsun. Çünki uşaqları aldatsaq, bir daha buraya gəlmək istəməyəcəklər. Xüsusilə indiki dövrdə onları aldatmaq mümkün deyil. Bu dövrün tamaşaçısı bizim dövrümüzün tamaşaçılarından çox fərqlənir.

Ümumiyyətlə indiki teatrın tamaşaçıları dünyanı gəzib-görən, mədəniyyəti zəngin olan insanlardır. Onlar da istəyir ki, xarici ölkələrdə gördüyü üstünlüklər bizdə də olsun. Bütün kollektivimizlə birlikdə çalışırıq ki, həm uşaq, həm də böyük tamaşaçılarımızın tələblərini yerinə yetirək.

- Sizcə, teatr rəhbəri özündə hansı keyfiyyətləri cəmləşdirməlidir?

- İlk növbədə bütün rəhbərlər çiyinlərində olan məsuliyyəti dərk etməlidir. İkincisi, teatrı sevməlisən. Əgər qəlbində teatra məhəbbət yoxdursa, səni heç nə məcbur edə bilməz ki, o sahədə işləyəsən. İstər aktyoru, istərsə də kassiri, istərsə də qrimyoru işə götürəndə onlardan teatra münasibətlərini soruşuram. Aktyorun sənətinə dəyər verməyən və teatra laqeyd yanaşan şəxsləri işə qəbul etmirəm. Çünki bizim yalnız teatrı sevən insanlara ehtiyacımız var.

- Bu gün Azərbaycanda aktyorlara və teatra layiq olduğu dəyəri verirlər?

- Uzun illərdir ki, teatrda çalışıram. Təmirə qədər teatrda qışda soyuq, yayda isə isti olub. Səhnə, işıqlar və dekorasiyalar bərbad vəziyyətdə idi, onları saxlamağa yerimiz yox idi. Elementar olaraq aktyorların çimmək üçün şəraiti yox idi. 2006-cı ildə teatr əsaslı təmirə dayandırıldı. 2008-ci ilin 26 mayında teatrın təntənəli açılışı oldu. Prezident İlham Əliyev öz xanımı Mehriban Əliyeva ilə birlikdə teatrın açılışında iştirak etmişdi.

Təmirdən sonra aktyorlar üçün rahat şərait yaradıldı. Əməkdar və Xalq artisti adına layiq görülən aktyorlarımız hər ay təqaüd alır. Bir sözlə, Azərbaycan dövləti öz incəsənətinə çox böyük qiymət verir, mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərir. Dünyada çox az dövlət tapılar ki, teatr mədəniyyəti Azərbaycandakı səviyyədə himayə olunsun.

Bizdə 2009-cu ildə mərkəzləşdirilmiş kassa sistemi fəaliyyət göstərir. Mərkəzləşdirilmiş kassa sisteminə keçidin müsbət təsiri də danılmazdır. Bu sistem imkan verir ki, tamaşaçı şəhərin müəyyən edilmiş yerlərindən istənilən tamaşaya, konsertə rahatlıqla bilet əldə etsin. Məsələn, Səməd Vurğun adına Rus Dram Teatrının kassalarından digər tamaşa və konsertlərə bilet almaq olar. Mərkəzləşdirilmiş kassa sisteminin qurulmasını teatr sahəsində əsl islahat hesab etmək olar. İndi evdə oturub onlayn sistemlə bilet almaq mümkündür. Bütün bunlar teatra olan diqqət və qayğının göstəricisidir. Əvvəllər isə bilet satışlarında xeyli özbaşınalıqlar mövcud idi. Bəzi insanlar bunu şəxsi biznesinə çevirmişdi. Bundan başqa, mərkəzləşdirilmiş bilet sistemi hansı tamaşalara daha çox bilet satıldığını müəyyənləşdirməyə imkan verir.

- Teatrın bu gün ölkəmizdəki rolu və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Teatr həmişə Azərbaycanda xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri olub.

Sualınız barədə bir hadisə danışım. Bu yaxınlarda Moskvadan çox hörmətli şəxs öz həyat yoldaşı ilə birlikdə teatrımızın qonağı olmuşdu. Onlar dünyanı səyahət etmiş adamlardır.

- Sirr deyilsə, kim olduqlarını açıqlaya bilərsiniz?

- "Первый канал"ın baş prodüseri Aleksandr Fayman və xanımı. İkisi bildirdi ki, birinci növbədə getdikləri şəhərlərin teatrı ilə tanış olurlar. Onları yerli mətbəx və muzeylərdən daha çox teatrlar maraqlandırır.

- Qonaqlarınız teatrdan hansı təəssüratlarla ayrıldı?

- İlk dəfə Azərbaycana gəlməsinə baxmayaraq, bizim teatr onlarda ölkəmiz haqqında yüksək fikir formalaşdırdı. Onlar baş rolda Fəxrəddin Manafovun oynadığı Ejen İoneskonun "Церемония" tamaşasını izləmişdilər. Yeri gəlmişkən, E.İoneskonun müəllifi olduğu əsərlərini tamaşaya qoymaq çox qəlizdir, çünki başdan ayağa fəlsəfədir.

Aleksandr Fayman söylədi ki, əgər Bakıda İoneskonun əsərini səhnələşdirən rejissor və bunu oynayan məharətli aktyorlar, üstəlik də onu izləyən tamaşaçı varsa, deməli, Azərbaycan mədəniyyəti çox zəngindir. 2 saat tamaşaya baxmaqla onların Azərbaycanın teatr mədəniyyəti haqqında fikirləri formalaşdı.

- Teatrınız əsas missiyası nədir və uğuru hansı komponentlərdən ibarətdir?

- Mirzə Fətəli Axundzadənin "Msyö Jordan və Dərvişi Məstəli Şah" əsəri 200 il əvvəl yazılıb. 2012-ci ildə biz dövlət sifarişi ilə dramaturqun 200 iliyi münasibətilə bu əsəri tamaşaya qoyduq. Truppamızla birlikdə qərar verdik ki, ilk qastrol səfərimiz Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrına olsun, çünki həm rus dillidir, həm də tanınmış teatrdır.

Səfər 3 ay əvvəlcədən aprelin 24-nə təyin olunmuşdu. Gedəndən sonra bildik ki, Gürcüstan parlamentində ermənilərin soyqırımı haqqında məsələ qaldırılıb. Teatrın çoxdan tanıdığım bir işçisi ilə söhbətdən məlum oldu ki, erməni əsilli işçilər Mirzə Fətəli Axundzadənin"Msyö Jordan və Dərvişi Məstəli Şah" əsərinin tamaşaya qoyulmasından narahatdır.

Başa düşdüm ki, tamaşa oynanılan vaxt xoşgəlməz hadisələr və qəfil problemlərlə üzləşə bilərik. Məsələn, qısaqapanmadan bütün işıqlar sönə, yaxud da dekorasiya səhnənin ortasına düşə bilər. Bir sözlə, bizi hər cür təxribat gözləyə bilərdi.

Baş verə biləcək təxribatların qarşısını almaq məqsədi ilə rəhbərlik və yaradıcı kollektivlə tamaşadan əvvəl söhbət etdim. Onlara Axundzadənin kim olduğunu, Tbilisidə dəfn edildiyini, orada ev muzeyi olduğunu və bu əsərin 200 il əvvəl yazıldığını izah etdim. Təbiidir ki, Axundzadənin 200 il əvvələ aid olan əsərində Qarabağ Azərbaycan torpağı kimi təsvir olunub. O, nə bilirdi ki, 1988-cı ildə Qarabağ məsələsi ortaya çıxacaq.

Söhbətdən məmnun qalmasalar da, onların deməyə sözləri də olmadı. Onlar Mirzə Fətəli Axundzadənin klassika olduğunu qəbul etdilər, eyni zamanda anladılar ki, bu aksiomadır. Yəni, bizim Qarabağın Azərbaycan torpağı olduğunu sübut etməyə ehtiyacımız yoxdur. Bütün faktlar bizim ziyalalılarımızın əsərlərində öz əksini tapıb.

- Vəziyyəti belə asanlıqla həll etmək əlbəttə ki, böyük məharət tələb edir. Bu da sizin dipliomatik keyfiyyətlərinizdən xəbər verir.

- Onların bu məsələni problemlə çevirməsinin heç bir mənası yox idi. Bu tamaşa ilə biz bir çox ölkələri gəzdik. "Msyö Jordan və Dərvişi Məstəli Şah" Ukraynanın 3, Rusiyanın 8 və daha bir neçə ölkənin şəhərlərində nümayiş olundu.

Tamaşa bitdikdən sonra mən foyedə izləyicilərin öz aralarında Qarabağ haqqında olan söhbətlərinə şahid olmuşdum. İzləyicilər arasında elit təbəqinin nümayəndələri, həm adi insanlar, həm səfirlər, həm də siyasi xadimlər var idi. "Msyö Jordan və Dərvişi Məstəli Şah" tamaşası ilə göstərdik ki, Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır.

Teatrımızın əsas missiyası və gücü də elə bundadır. Həqiqətən də sənət dili ilə deyilən söz camaat üçün siyasətdən daha təsirlidir. Sənət elə bir təbliğat üsuludur ki, onun qarşısını almaq mümkün deyil.

- Teatrın naminə sizə çox şeylərdən imtina etmək lazım gəlib?

- Bizim işimizin qızğın vaxtı əsasən Cümə, Şənbə,Bazar və Bayram günlərinə təsadüf edir. Birinci gün işləmirik, 2-ci və 3-cü günlər məşqlər gedir. Normal iş rejimi olan insanlar isə həftə içi çalışır, həftə sonları istirahət etməyə üstünlük verirlər: kimi toy edir, kimi gəzintiyə çıxır, kimisi rayona gedir, kimisi də ad günü şənliyi keçirir. Teatr işçiləri həftə sonları heç yerə gedə bilmir. Qohumlarımın xeyir işlərində iştirak edə bilmdədiyimə görə çoxu məndən inciyib. Yaxınlarım hesab edir ki, tamaşa bitən kimi özümü toyun və ya məclisin ən qızğın vaxtına çatdırmalıyam. Bəzən qohumlar "Artist deyilsən ki, səhnə sənsiz qalsın" , - deyə irad bildirirlər.

İşığa, səsə və dekorasiyalara nəzarət etmək lazımdır. Bəzən aktyor 2 dəqiqə ərzində əynini dəyişib səhnəyə başqa paltarda çıxmalıdır. Əgər səhnədə 5 nəfər varsa, səhnə arxasında da o qədər qrim edən, kostyumları vaxtında çatdıran işçi çalışır. Direktor teatrda olanda aktyor psixoloji baxımdan rahat olur ki, heç bir problem yaranmayacaq, yaransa da, həll yolu tapılacaq.

- Teatrda baş verən proseslər birbaşa rəhbərliyiniz altında həyata keçir. Maraqlıdır ki, nə zamansa özünüzü pərdə arxasında deyil, səhnədə görməyi arzulamısınız?

- Hələ ki, özümdə bu qabiliyyəti görmürəm. Aktyorlara dəyər verirəm, böyük mətni yadında saxlayaraq səhnədə başqa bir insanın həyatını oynamaq çox çətindir. Bunu hər insan bacarmır, bacaranlara da daim dəstək olmalısan. Aktyorluq mənim görə biləcəyim iş deyil. Odur ki, risk etmirəm.

- Rus Dram Teatrında da ölkənin ən sanballı və tanınmış aktyorları çalışır. Ulduzlarla necə dil tapırsınız?


Xəbərə aid fotolar