Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


Digərləri 01 İyn 2018 21:10:37 304 0

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Monteneqronun Prezidenti Milo Cukanoviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Bakı. Monteneqronun Prezidenti Milo Cukanoviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının möhtəşəm milli yubileyi, 100 il öncə ilk müstəqil Azərbaycan dövlətinin yaranması münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. Böyük Azərbaycan xalqının o zamankı nəslinin öz dövlətinə sahib olmaq arzuları 27 il bundan əvvəl müstəqilliyin bərpasında öz təcəssümünü tapdı. Dövlət müstəqilliyinin bərpasında atanız, böyük dövlət xadimi Heydər Əliyevin əvəzsiz rolu vardır və artıq bir neçə ildir ki, Siz də ölkənizin müasir inkişafına şəxsən böyük töhfələr verirsiniz. Xalqlarımızın və ölkələrimizin tarixi talelərində də müəyyən mənada bağlılıq vardır. Belə ki, Monteneqro ilk dəfə 140 il əvvəl müstəqil dövlət olmuşdur. Düşünürəm ki, biz bu gün Monteneqro ilə Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi ilə qürur duya bilərik. Həmçinin ali dövləti vəzifələrimizdə ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək və müasirləşdirmək üçün töhfələrimizi verə bilərik. Səbirsizliklə gələcək görüşlərimizi gözləyirəm". XXX Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Milli bayramınız – Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına salamlarımı və səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir. Bu günlərdə qeyd edilən tarixi hadisələr Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi və uğurlu gələcəyi üçün bir mənəvi təkandır. Xalqlarımız arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək arzusu ilə Sizə dərin hörmətimi izhar edirəm". XXX İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan Prezident İlham Əliyevə təbrik məktubu gəlib: "Hörmətli cənab Prezident, əziz dost. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm. İsrail və Azərbaycan arasındakı əlaqələr, sadəcə, qarşılıqlı maraqlar üzərində deyil, eləcə də iki qədim xalq arasında mövcud olan dərin və davamlı dostluq münasibətləri üzərində qurulub. Ötən il İsrail və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi. Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə hörmətlə yanaşan və daha firavan və təhlükəsiz gələcək təmin etmək üçün birgə çalışan müsəlmanların və yəhudilərin unikal tərəfdaşlığıdır. Ölkələrimiz ticarət və enerjidən kənd təsərrüfatı və terrorla mübarizəyə kimi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edir. 2016-cı ilin dekabr ayında Bakıya səfərimi və mənə göstərdiyiniz isti və gözəl qonaqpərvərliyi heç zaman unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə yaxın gələcəkdə Yerusəlimdə eyni qonaqpərvərliklə cavab verəcəyimə ümid edirəm. Bir daha Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm". XXX Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan: "Cənab Prezident, əziz qardaşım. Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Əlcəzair Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi və bütün sahələrdə mövcud olan ikitərəfli əlaqələrin qardaş xalqlarımızın maraqları naminə inkişaf etdirilməsi istiqamətində Sizinlə birgə işləmək əzmində olduğumuzu bir daha vurğulamaq istərdim. Cənab Prezident, əziz qardaşım, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". XXX Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Birləşmiş Millətlər Təşkilatının zənginliyi onun üzvü olan ölkələrin müxtəlifliyindədir. Ölkələr “Biz - xalqlar” şüarı altında bir araya gələrək təşkilatın Nizamnaməsində təsbit olunmuş dəyərləri uca tutduqda, bizim missiyamız daha da möhkəmlənir. Həm qlobal çağırışların geniş yayıldığı, həm də onların həlli üçün geniş imkanların mövcud olduğu bir dönəmdə həmin dəyərlər bizi birləşdirən etibarlı vasitədir. Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən daha effektiv Birləşmiş Millətlər Təşkilatının qurulması, eləcə də sülhün, davamlı inkişafın və insan hüquqlarının təmin olunması istiqamətində fəal iştirak etmək əzmində olduğumu bildirirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". XXX Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Ötən 100 il ərzində Azərbaycan Respublikası böyük yol keçmişdir. Biz birlikdə SSRİ-ni qurmuş, Böyük Vətən müharibəsində döyüşmüş, qələbə qazanmış, demokratik islahatları davam etdirmiş və Müstəqil Dövlətlər Birliyi çərçivəsində tərəfdaş olmuşuq. Hazırda Sizin fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası iqtisadiyyatda, sosial sahədə və dövlət quruculuğunda böyük uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilərək, beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirmişdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə tükənməz enerji, yeni-yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin