"Ermənistan əsassız iddialarından əl çəkməlidir"


Siyasət 01 İyn 2018 21:05:00 278 0

"Ermənistan əsassız iddialarından əl çəkməlidir"

Yerevan Azərbaycan ərazilərinin işğalını dayandırmayanadək və Ankaraya qarşı əsassız iddialarından əl çəkməyənədək Türkiyə Ermənistanla sərhədləri açmayacaq.

Son.az bildirir ki, bunu Trend-ə Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqovun sözlərinə görə, Nikol Paşinyan əsassız iddialarından əl çəkməyənədək rəsmi Ankara Yerevana tərəf addım atmayacaq, çünki bu, Türkiyənin maraqlarına zidd olardı:

"Paşinyan öz xələfi Sarkisyanın dediyi ifadələri sözbəsöz təkrarlayır. Ermənistan indiyədək Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və dünya ictimaiyyətinə qondarma "1915-ci il soyqırımı" barədə şişirdilmiş tezisini təqdim edir".

Politoloq bildirib ki, Türkiyənin bəzi siyasi dairələrində Ermənistanyönümlü xadimlər ola bilər, amma rəsmi Ankara ölkənin maraqlarına zidd addım atmayacaq:

"Türkiyə münasibətləri yaxşılaşdırmağa hazır idi. Sürix protokolları imzalanmışdı. Amma Ermənistan öz iddialarından əl çəkmədi. Bu iddialar arasında qondarma soyqrımı, ərazi iddiaları və işğal olunmuş Azərbaycan ərazilərindən çıxmamaq da var idi. Bu şərtlərlə Türkiyə necə addım ata bilərdi?"

F.Sadıqov əlavə edib ki, ümumilikdə N.Paşinyan və onun komandası öz prioritetlərini müəyyənləşdirə bilməyib:

"Meydanlarda gurultulu bəyanatlar vermək asandır. Amma hakimiyyətə gələndə öz sözlərinə görə məsuliyyət daşımaq lazım olur. Məsələn, Paşinyan seçildikdən dərhal sonra Rusiyaya gedib Putinlə görüşdü, amma vəzifələrə qərbyönümlü şəxsləri təyin etdi".

Politoloq qeyd edib ki, Ermənistanın iqtisadiyyatı, nəqliyyat şəbəkəsi, silahlı qüvvələri bütünlüklə Rusiyadan asılı vəziyyətdədir:

"Amma nazirliklərə qərbyönümlü şəxsləri təyin etməklə Paşinyan Ermənistanın istənilən an Rusiyaya arxa çevirəcəyi və Qərbə dönəcəyi barədə Moskvaya siqnal göndərir. Bu qaçılmazdır, çünki Ermənistan iqtisadi blokada vəziyyətində olduğu üçün ölkəyə xarici dəstək lazımdır".