Günter Ottinger: Azərbaycanda külək, günəş və bioenerji istehsalı üçün yaxşı potensial var


Digərləri 01 İyn 2018 18:15:00 323 0

Günter Ottinger: Azərbaycanda külək, günəş və bioenerji istehsalı üçün yaxşı potensial var

İqtisadiyyat naziri, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Ş.Mustafayev Azərbaycan və Aİ arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Prezidentinin son 10 ildə Avropa İttifaqına 7 səfəri olduğunu, Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxslərinin ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi sənədlər imzalanıb. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanmış sənədlər əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

İqtisadiyyat naziri vurğulayıb ki, Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 42%, 2018-ci ilin 4 ayında 42% təşkil edib. 2012-2017-ci illərdə Aİ Azərbaycana 15,3 mlrd. dollar investisiya yatırıb ki, bu da Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların 38,2%-ni təşkil edir. Azərbaycanda 1500-dən çox Aİ ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi, 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri imzalanıb. Azərbaycan və Avropa İttifaqı arasında 3 biznes forum keçirilib, bir neçə gündən sonra 4-cü biznes forum keçiriləcək.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Aİ ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin açılışını vurğulayan Ş.Mustafayev layihənin enerji sahəsində əməkdaşlığın gözəl nümunəsi olduğunu qeyd edib. Qısa müddət ərzində TANAP layihəsi də istifadəyə veriləcək. TAP layihəsi üzrə isə işlər davam edir.