Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini qeyd ediblər


Digərləri 01 İyn 2018 18:18:24 284 0

Aviatorlar Azərbaycan mülki aviasiyasının 80 illik yubileyini qeyd ediblər

Azərbaycan aviatorları iyunun 1-də öz peşə bayramlarını və mülki aviasiyanın 80 illiyini rəsmi surətdə qeyd ediblər.

Bakı. Azərbaycan aviatorları iyunun 1-də öz peşə bayramlarını və mülki aviasiyanın 80 illiyini rəsmi surətdə qeyd ediblər. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixi Sərəncamı ilə iyunun 2-si Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Aviatorlar mülki aviasiyanın 80 illiyinin bayram edilməsi çərçivəsində Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar, məzarı qarşısına əklil və tər çiçəklər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb. Sonra aviasiyanın yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. AZAL prezidenti Cahangir Əsgərov aviasiya işçilərini 80 illik yubiley münasibətilə təbrik edib. O bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təmələ əsaslanan Azərbaycanın mülki aviasiyası 2003-cü ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. C.Əsgərov deyib: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. AZAL postsovet məkanında mülki aviasiya sahəsində aparıcı oyunçulardan birinə çevrilib, beynəlxalq aviasiya birliyinin üzvü olub”. Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Azərbaycanın milli aviasiyası ötən 80 il ərzində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan aviasiyası dünyada qəbul olunmuş ən müasir standartlara cavab verir. 1993-cü ildən sonra müstəqil Azərbaycan aviasiyası sürətlə inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bu gün ölkəmizin mülki aviasiyası dünyada ən qabaqcıl yerlərdən birini tutur. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən müasir aeroportlarından biridir. Sevindirici haldır ki, təkcə paytaxtda deyil, regionlarda da müasir hava limanları beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Daim yenilənən müasir aviapark yük və sərnişindaşıma sahəsində beynəlxalq səviyyədə xidmət göstərir.