Günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı


Digərləri 01 İyn 2018 17:45:00 249 0

Günəş enerjisi ilə işləyən avtomobillərlə bağlı

Azərbaycanda Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırlanıb.

Son.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Yer Elmləri Bölməsinin bu gün keçirilən iclasında akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun "Günəş avtomobillərinin yol boyunca hərəkətinin riyazi modelləşdirilməsi: simulyasiya və vizuallaşdırılma" mövzusunda elmi məruzəsi dinlənilib.

R.Qardaşov qeyd edib ki, artıq neft məhsulları ilə işləyən avtomobillərin erası başa çatmaqda və akkumulyatordan qidalanan elektromobillərdən istifadəyə keçid başlamaqdadır. Növbəti mərhələdə hibrid - akkumulyator və Günəş enerji ilə işləyən avtomobillərə keçid olacağını deyən alim bildirib ki, yüksək effektli və maya dəyəri nisbətən az olan fotoelementlər kəşf edildikdən sonra isə əsasən Günəş enerjisi ilə işləyən avtomobillərdən istifadə olunacağı gözlənilir.

Natiq vurğulayıb ki, Günəş avtomobillərinin mühüm fərqi enerji qaynağının - Günəş enerjisinin avtomobilin xaricində olması və onun kəmiyyətinin tərəfimizdən idarə edilməsinin mümkünsüzlüyüdür. Günəş avtomobilinin panelinə düşən enerjinin miqdarı coğrafi nöqtədən və onu əhatə edən relyefdən, ilin vaxtından, atmosferin şəffaflığından asılı olaraq dəyişməkdədir. Bu səbəbdən Günəş avtomobillərinin optimal hərəkətinin təşkili üçün seçilmiş yol boyunca Günəş enerji potensialının hesablanması və buna uyğun olaraq avtomobilin hərəkətinin simulyasiyası zəruridir.