Leonid Kuçma: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün qitə üçün böyük tarixi hadisə idi"


Siyasət 01 İyn 2018 14:57:00 246 0

Leonid Kuçma: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün qitə üçün böyük tarixi hadisə idi"

1994-2005-ci illərdə Ukrayna Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqı üçün deyil, bütün qitə üçün böyük tarixi hadisə idi.

Baş verənlərin bütün dramatizminə baxmayaraq, Azərbaycan xalqı öz gələcəyi üçün məsuliyyəti cəsarətlə və qətiyyətlə üzərinə götürdü.

Məhz həmin dövrdə Kiyev və Bakı Ukrayna-Azərbaycan dövlətlərarası münasibətlərinin əsasını qoyublar. Ukrayna və Azərbaycan xalqları illər boyu dostluq və əməkdaşlıq edib, indiki nəsillər bu xeyirxah ənənəni davam etdirirlər.

Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın müjdəçisi və təməli olub. 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan indi uğurlu, güclü və firavan dövlətdir.

Azərbaycanın inkişafına Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. İqtisadiyyatın artımı, vətəndaş həmrəyliyi, beynəlxalq arenada ölkənizin nüfuzu - bütün bunlar müdrik və ardıcıl milli lider kimi Sizin siyasətinizin nəticəsidir.

İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".