Təqsirləndirilən şəxs: "Arif Alışanov 60-70 heyvanı evimdən aparıb, anamın yasına kəsməyə heç nə yoxdur"


Sosial 01 İyn 2018 12:58:35 278 0

Təqsirləndirilən şəxs: "Arif Alışanov 60-70 heyvanı evimdən aparıb, anamın yasına kəsməyə heç nə yoxdur"

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub.

Daha sonra Ş.Əkbərovun vəkili Ruslan Həsənov vəsatət qaldırıb. O bildirib ki, bir çox vəsatətləri təmin edilməyib və məhkəmə obyektiv aparılmayıb. Buna görə də vəkil məhkəmə tərkibinə etiraz edib.

Vəsatətə münasibət bildirən Ş.Əkbərov anasının yaxın günlərdə rəhmətə getdiyini deyib: "Mənim evimdə mal-qara yoxdur ki, anamın yas mərasimində kəssinlər. Çünkü Arif Alışanov 60-70 heyvanımı evimdən aparıb".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Ş.Əkbərovun digər vəkili vəsatət qaldıraraq Şamaxı rayonunda A.Alışanovun adına olan bütün torpaq sahələrinə baxış keçirilməsini istəyib.

Vəsatət təmin edilməyib. Məhkəmədə təqsirləndirilən A.Hüseynov ifadə verib. O qeyd edib ki, Ş.Əkbərovun heç bir traktoru və torpaq sahəsi olmayıb: "Hamısı Arif müəllimin olub".

Bu zaman Ş.Əkbərov A.Hüseynova etiraz edib və onlar arasında mübahisə baş verib. Ş.Əkbərov A.Hüseynova "get, özünü as" deyib. A.Hüseynov isə "əvvəl səni asacağam, sonra isəözümü" deyib.

Hakim hər iki şəxsə xəbərdarlıq edib.

Prosesdə təqsirləndirilən Ş.Əkbərovun qızı Cəmilə Ağayeva şahid qismində ifadə verib. O dindirilən zaman vurğulayıb ki, A.Alışanovla 10-15 illik ailə dostu olublar: "Aqşin isə bizim evdə çalışırdı. O, su, daş daşıyırdı. Arif Alışanov bizə tez-tez gəlib-gedirdi. Özüm də AzTV-də işləmişəm. Daha əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində çalışmışam. Maraqlıdır ki, Arif Alışanov 1800-2000 manat maaş alırdı, bəs o, 5 milyon manat pulu hardan almışdı? İfadə verəndə oxumamış qol çəkmişəm. İttihamla razı deyiləm. Axı Xırdalandakı evi atam almayıb, babamdan pay qalıb. "Prado" markalı avtomobili da atam mənə almayıb, həyət yoldaşımla birgə almışam".

C.Ağayevə vəkillərin suallarını cavablandıran zaman deyib ki, A.Alışanov torpaqların alınması üçün pulu Hacı Babayevə verib: "Arif Alışanov AzTV-ni buraxıb Şamaxıya torpaq almağa gəlirdi".

Şahid valideynlərinin boşandığını, atasının ürəyindən əməliyyat olunduğunu bildirib: "Atamın imkanları həmişə olub. Atamın açıq ürək əməliyyatının pulunu Arif Alışanov ödəyib. Əvvəlki pulu özümüz vermişik. Anama hədə-qorxu gəlinib".

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.