İki kəndə içməli su verilib


Digərləri 01 İyn 2018 08:40:00 213 0

İki kəndə içməli su verilib

Oğuzun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Son.az-a verilən məlumata görə, kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.

"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq.

Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 34 ədəd bulaq quraşdırılıb. Yeni layihənin icrasından Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin 2000-dək sakini faydalanacaq. Artıq Astarxanovka və Vladimirovka kəndlərinə içməli su verilib, Qarabulaq kəndinə isə suyun verilməsi iyun ayının birinci ongünlüyündə təmin olunacaq.