Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edilib FOTO


Digərləri 01 İyn 2018 08:48:00 238 0

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edilib  FOTO

Mexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilib.

Son.az bildirir ki, tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Meksikadakı Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhüriyyətinin (AXC) yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu dedi. O bildirdi ki, Azərbaycan xalqının hələ yüz il öncə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək müstəqil, demokratik və dünyəvi dövlət qurduğu, bütün vətəndaşları, o cümlədən qadınların, bərabər hüquqlarını təmin etdiyini vurğuladı. Diplomat AXC-nin ilk günlərindən üzləşdiyi olduqca çətin maneələrə baxmayaraq qısa zaman ərzində dövlət quruculuğu, demokratik institutlarının yaradılması, beynəlxalq münasibətlərin qurulması, təhsil və digər sahələrdə gözəçarpan nailiyyətlər əldə etdiyini dedi.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Vətənimizin AXC kimi Ermənistan təcavüzü, geosiyasi oyunlar və mürəkkəb social-iqtisadi vəziyyətlə üzləşdiyinə baxmayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan Respublikasının yenidən güdrətlənib çiçəkləndiyini vurğuladı.

Bu gün müstəqil və demokratik Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçiliyi nəticəsində ölkənin bütün sahələrdə inkişaf etdiyi və dünyada öz yüksək layiqli yerini tutduğunu dedi. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan Qlobal İqtisadi Forum tərəfindən dünyada 35 ən rəqabətli iqtisadiyyatlar sırasına daxil edildiyini diqqətə çatdırdı.

Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu barədə, həmçinin artıq Azərbaycan Respublikası Prezidenti tərəfindən açıq elan edilmiş Cənubi Qaz Dəhlizi layihəsi barədə danışdı, onların regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyini bildirdi.

Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlər arası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib.

Azərbaycan ilə Meksika arasında münasibətlərə toxunan diplomat onların daim dostluq və əməkdaşlıq ruhunda olduğunu iki ölkənin Səfirliklərinin müvafiq olaraq Bakı və Mexikoda fəaliyyət göstərdiyini qeyd etdi. Hər iki ölkənin regionlarında bütün sahələrdə mühüm rol oynadıqlarını bildirərək neft və qaz, ticarət, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığı qeyd etdi. O, Meksika istehsalçılarının ticarət missiyasının bu il Bakıya səfərini, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə bir sıra tədbirlərin keçirildiyini qeyd etdi, ölkələr arasında müqavilə-hüquq bazasının tədricən genişləndiyini bildirdi.

Meksika Xarici Əlaqələr Katibliyi (XƏK - Xarici İşlər Nazirliyi) və xarici işlər naziri Luis Videqaray Kaso adından tədbirdə çıxış edən XƏK-in Avropa Baş idarəsinin rəis müavini Alexandro Masias Orteqa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti və xalqımızın o mürəkkəb dövrdə bu tarixi nailiyyəti ilə əlaqədar təbriklərini çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə davam etdiyini qeyd edən Meksika rəsmisi eyni zamanda ölkəmizin Mexikodakı Səfirliyinin fəallığını qeyd edərək Azərbaycan tərəfinə təşəkkürünü bildirdi. Meksikanın hazırkı Administrasiyasının məhz Azərbaycanın nəinki Qafqaz regionu, həm də Avropa və Asiyada böyük nüfuzunu nəzərə alaraq Bakıda Səfirliyin açılması qərarını verdiyini xatırlatdı.

Bundan sonra Meksika Deputatlar palatasının üzvü, Meksika-Azərbaycan Dostluq qrupunun sədri Alfredo Anaya Orozkonun ofis rəhbəri onun və bütün dostluq qrupu üzvü olan deputatların adından bəyanat səsləndirdi.