Ermənistanda Metsamor AES təmirə bağlanır


Dünya 01 İyn 2018 08:22:18 284 0

Ermənistanda Metsamor AES təmirə bağlanır

Cümə günü Metsamor AES-in reaktoru təmirə dayandırılır.

Son.az Trend-ə istinadən bildirir ki, avqustun 1-də 4 nömrəli, qismən modernləşdirilmiş turbo aqreqata malik enerji blokunun işə salınması nəzərdə tutulur. 3 nömrəli turbo aqreqatın istismara verilməsi bu ilin dekabrına qədər planlaşdırılır.

Aparılan işlər nətcəsində enerji blokunun çıxış gücünün artması gözlənilir.

Reaktorlarının istismar müddəti çoxdan bitmiş olmasına baxmayaraq, Ermənistan hökumətinin proqramına AES-in istifadəsini 2026-ci ilə qədər davam etdirmək və yeni enerji bloklarının yaradılmasını həyata keçirmək daxildir.

Qeyd etmək lazımdır ki, Metsamor atom elektrik stansiyası regionda yeganə bu tipli qurğudur və 1986-cı ildə qəza nəticəsində fəaliyyəti tam dayandırılmış Çernobol atom elektrik stansiyasının texnologiyasına əsasən yaradılmışdır. Erməni AES-in ilk enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə yanvar 1980-ci ildə istifadəyə verilmişdir. 1988-ci ilin dekabrında Spitak zəlzələsindən sonra 1989-cu ilin martında Metsamor AES-in fəaliyyəti dondurulmuşdur. İkinci enerji bloku 1995-ci ilin noyabr ayında respublikada baş verən enerji böhranı səbəbindən yenidən istifadəyə verildi.