Əli Kərimlinin pul hərisliyi AXCP və Milli Şuranı parçalayır


Siyasət 01 İyn 2018 01:30:00 299 0

Əli Kərimlinin pul hərisliyi AXCP və Milli Şuranı parçalayır

Ekspertlər deyir ki, onun fəaliyyəti siyasi alver, spekulyasiya üzərində qurulub 

Bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat nəticəsində, Əli Kərimlinin qeyri-leqal yollarla  maliyyə vəsaiti ilə təmin edilməsi faktı ortaya çıxdı. Məlum oldu ki, ötən müddət ərzində Rusiyadan müxtəlif yollarla Əli Kərimliyə 412 min dollar vəsait çatdırılıb. Bu məlumat yayıldıqdan sonra Milli Şura və AXCP arasında ciddi narazılıq yaranıb. Çünki Ə.Kərimli ətrafındakılara, hər ay ona 500 və ya 1000 dollar gəldiyini deyərək, küllü miqdarda pulu mənimsəyib. Məsələnin üstünün açılması isə AXCP üzvlərinin ciddi etirazına səbəb olub. Hətta bu günlərdə Ə.Kərimlinin maliyyə maxinasiyasına etiraz əlaməti olaraq, AXCP-nin sıralarını tərk edənlərin olduğu vurğulanır. 

Son.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, mənəvi cəhətdən təmiz olmayan insanların başqalarına rəhbərlik etməyi düzgün deyil: "Artıq AXCP üzvləri ilə bağlı məsələ araşdırmalardan sonra təsdiq olunub. Bu vəsaitlərlə bağlı ciddi araşdırmalar aparılıb, dindirilənlər var. Məsələ ondadır ki, bu hadisə ilə bağlı təhqiqata Baş Prokurorluq və Daxili İşlər Nazirliyi nəzarət edir. Faktiki olaraq, Əli Kərimli 412 min dollarla bağlı məsələni qəbul etməsə də, öz dili ilə Saleh Rüstəmovun ona 5 min dollar verməsini təsdiq edir. Ancaq bilinir ki, bu iş üzrə şübhəli bilinənlərin çoxu irəli sürülən ittihamları qəbul edib və AXCP-nin rəhbərlərinə müəyyən olunmuş məbləği verdiklərini etiraf ediblər. İstintaq müddətində daha çox məsələlər üzə çıxacaq. Bu mənada liderlər daha çox düşünməlidirlər ki, onlar nə qədər dürüst olmalıdırlar. Biz də vaxtı ilə dövlət quruculuğunda iştirak etmişik. Düşünürdük ki, millətin gəncləri liderin övladlarıdır və bir sözlə, onlar başqalarına nümunə olmalıdır. Lakin AXCP rəhbərliyi ilə bağlı açıqlanan məlumatlar göstərir ki, onlara ianə adı ilə verilən çirkli pullardan imtina etməyiblər. Onlar bu  vəsaitlərin qanundan kənar toplanmasını və əldə edilməsini təmin ediblər. Burada bir sual meydana çıxır. Nə üçün Rusiyadan? Şübhəsiz ki, Rusiyada bizim xeyli həmyerlilərimiz yaşayır. Amma qeyri-ixtiyari olaraq, burada milyarderlər ittifaqı, Rüstəm İbrahimbəyov və sair yada düşür. Məhz Azərbaycanın istiqlaliyyətini Rusiya əlindən almışdır. Daha sonralar baş verən hadisələrin bir çoxu yenə bu ölkənin adı ilə bağlıdır. AXCP rəhbərliyi bu ölkədə yaradılan Milli Şura ilə əməkdaşlıq edib. İndi bu qeyri-leqal maliyyə münasibətləri ortaya çıxanda, artıq necə deyərlər, "xoruzun quyruğu" görünməyə başlayır. Bir məqamı da qeyd edim ki, həbs edilərək Azərbaycana gətirilən Hüseyn Abdullayevlə AXCP arasında əlaqələrin olması da məhz araşdırmalar zamanı meydana çıxıb. Hesab edirəm ki, bütün baş verənlər partiyanın mənəvi, siyasi, hüquqi simasında özünü göstərir".    T.Kərimli qeyd etdi ki, Rüstəm İbrahimbəyovla bağlı baş verənlərin fonunda, Milli Şura siyasi zərbəsini aldı: "İndi bu qurumun rəhbərliyində bir qüdrət olacaqmı ki, baş vermiş qanunsuzluqları etiraf ersinlər? Buna inanmıram. Əgər İbrahimbəyovla bağlı məsələsini etiraf etmirlərsə, indiki hadisədən sonra artıq o qurum ətrafında olanlar bunlara nifrət etməyə başlayacaq. Çünki "dostunu göstər, sənin kim olduğunu deyim" misalı var. Hesab edirəm ki, məhz bu iki faktora görə, rəhbərliyi deyə bilmərəm, amma üzvlər kütləvi şəkildə uzaqlaşmağa başlayacaqlar".

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, əslində, Əli Kərimlinin müxtəlif qütblərdən, bir müddət əvvələ qədər isə qeyri-hökumət təşkilatları vasitəsilə qeyri-leqal yollarla maliyyə vəsaiti aldığı heç kimə sirr deyil: "Müəyyən maliyyə vəsaitlərinin də ayrı-ayrı insanlardan gizlədilməsi, partiya quruculuğunda istifadə edilməməsi, Əli Kərimlinin özünün və yaxınlarının tələbatları üçün istifadə etməsi hər kəsə bəllidir. Tanıyan adamlar onun nə qədər pula həris olduğunu kifayət qədər yaxşı bilirlər. Əli Kərimlinin ətrafından sonralar ayrılan insanların böyük əksəriyyəti onu maliyyə fırıldaqlarında günahlandırıblar. Bu haqda mətbuatda kifayət qədər faktlar var. Əslində, onun qeyri-leqal yollarla maliyyələşməsi, xüsusilə xaricdən Azərbaycana vəsaitlərin gətirilməsi "Siyasi partiyalar haqqında" qanununa əsasən qadağandır və bu, faktiki olaraq cinayət əməli sayılır. Azərbaycanda siyasi partiyaların yalnız dövlət tərəfindən və ianələr yolu ilə maliyyələşməsinə icazə verilir. Daha bir yol isə üzvlük haqları ilə bağlıdır. Digər bütün əldə olunan vəsaitlər isə cinayət yolu ilə əldə olunan vəsait hesab edilir. Baş verən hadisəyə də birinci növbədə cinayət faktı kimi yanaşmaq lazımdır. Cinayət yolu ilə əldə edilən bu vəsaitləri ətrafındakı insanlardan gizlətməsi məsələsinə gəlincə, bu, Əli Kərimli üçün adi bir haldır. Bu adam ən müxtəlif qütblərdən maliyyələşib. Gah Qərbin, gah Cənubun, gah da Şimalın missioneri kimi davranıb. Azərbaycanın konstitusion quruluşunu dəyişmək istəyən qüvvələrə xidmət edib. Ölkəmizdə konkret cinayət əməli törətmiş şəxslərin hüquqlarını müdafiə edib, radikal qruplarla əməkdaşlıq edib. Açıq şəkildə Rusiyanın maraqlarından çıxış edən Milli Şura kimi bir layihənin iştirakçısı və təşəbbüskarlarından biri olub. Bu baxımdan Əli Kərimlinin siyasi kimliyini sübuta yetirmək üçün əlavə hər hansı şərhə ehtiyac yoxdur. Bütün bunların qarşısında maliyyə fırıldaqları olduqca cüzi bir məsələdir. Onun bu günə qədər törətdiyi əməllərin sırası o qədər genişdir ki, saatlarla bu haqda danışmaq olar. İndiki halda, maliyyə vəsaitlərinin Rusiyadan gəlməsinə də təəccüblənmək olmaz. Çünki bundan əvvəl Qənimət Zahid Rusiyanın ədliyyə generalından maliyyə vəsaiti aldığını etiraf etmişdi. Daha sonra həmin o generalın özü də mətbuata verdiyi açıqlamada bunu təsdiqləmişdi. Azərbaycanın milli maraqlarına qarşı siyasət yürüdən insanlardan şübhəsiz ki, hər şey gözləmək olar".

E.Mirzəbəyli əlavə etdi ki, ilk növbədə özünə hörmət edən partiya üzvləri xarici dövlətdən maliyyə vəsaiti alanların ətrafında olmağı özlərinə təhqir saymalıdırlar: "Bəzi insanların hansı səbəbdən Əli Kərimlinin yanında qalması başadüşülən deyil. Təbii ki, bütün hallarda seçim onlarındır. Bu günə qədər onları radikal əhval-ruhiyyəyə kökləyən insanlar qanunu pozmağa məcbur etməklə, öz maraqlarını təmin etməyə çalışıblar. Eləcə də mühacir biznesi ilə maraqlarını güdüblər. "Kimlərinsə hüquqlarını müdafiə edirik" deyib maliyyə vəsaitlərinə sahiblənməyə çalışıblar. Bunların fəaliyyəti siyasi alver, spekulyasiya üzərində qurulub və hər şey göz qabağındadır".