Niyə peşə sahibi olmaq istəmirik?


Digərləri 31 May 2018 23:27:00 285 0

Niyə peşə sahibi olmaq istəmirik?

“İllərlə universitetə hazırlaşıb, nəticədə 200 bal yığıb kəsilməkdənsə, bir peşə öyrənmək daha məqsədəuyğundur”

Son illərdə gənclər arasında peşə təhsilinə marağın azaldığı hiss edilir. Baxmayaraq ki, hüquqşünasların, həkimlərin, mühəndislərin sayı çoxaldığından qaynaqçılara, dərzilərə, aşpazlara və s. peşə sahiblərinə tələbat artıb.

Rəsmi məlumata görə, hazırda ölkədə 108 peşə-ixtisas təhsili müəssisəsi var. Bu təhsil müəssisələrində 30 min 664 nəfər təhsil alır. 1991-ci ildə ölkədə 176 peşə-ixtisas müəssisəsi olub. Həmin dövrdə 82 min 188 tələbəyə 3465 müəllim dərs deyib, peşə öyrədib. 2016-cı ildə isə 15 min 246 nəfər peşə-ixtisas təhsili müəssisələrini bitirib. Onlara 1794 müəllim dərs deyib. Son 22 il ərzində tələbələrin sayı 5 dəfə azalsa da, müəllimlərin sayı cəmi 2 dəfə azalıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, bu gün orta məktəbi bitirən hər kəs, savadı olmağından asılı olmayaraq ali təhsil almaq istəyir: "Ancaq diplomlu olmaq savadlı olmağın göstəricisi deyil. Əsas savad olmalıdır. Təhsilini aldığın ixtisasa mükəmməl yiyələnməlisən ki, o ixtisasda uğur qazanasan biləsən".

Ekspert hesab edir ki, insanları peşə təhsili almağa yox, ali təhsil almağa məcbur edən ciddi səbəblər var: "Reallığı düşünmək lazımdır. İndiki dövrdə haradasa işə düzəlmək istəyəndə bizdən savad deyil, diplom və dil biliyi tələb olunur. Ona görə biz kollecdə təhsil alsaq da, ailələrimiz deyir ki, mütləq şəkildə ali təhsil alın. Çünki bizim gələcəyimiz üçün "ortalığa çıxarılası" universitet diplomu olmalıdır. Gələcəkdə pillələri bir-bir qalxmaq üçün bizə diplom şərtdir. Orta ixtisas təhsili ilə uğur qazana bilmərik. İrəliləmək üçün ali təhsil mütləqdir".