Valideynlərin qan qrupları uyğunsuzdursa, uşaqların ölü və ya xəstə doğulması təhlükəsi varmı?


Digərləri 31 May 2018 22:51:00 322 0

Valideynlərin qan qrupları uyğunsuzdursa, uşaqların ölü və ya xəstə doğulması təhlükəsi varmı?

Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov ər və arvadın qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilən fikirlərə münasibət bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, R.Hüseynovun dediyinə görə, ər və arvadın qan qrupları fərqli ola bilər. Lakin bu fərqlilik uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulmasına səbəb olmur. Buna görə də valideynlərin qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilənlər düzgün deyil.

Baş mütəxəssis qeyd edib ki, uşağın ölü, vaxtından əvvəl və ya xəstə doğulması digər amillərlə bağlıdır. Uşaq və ananın fərqli qan qrupları, rezus faktoru olduğu hallarda yalnız izoimunnalşma baş verdikdə (ana ilə döl arasında əlaqə yaradan ciftin funksiyası pozulduqda) uşaqlarda bir sıra problemlərə rast gəlmək olar.

R.Hüseynov deyib ki, əgər ananın qanı rezus mənfi, uşağın qanı rezus müsbət olarsa, onda qan uyğunsuzluğu - konflikti baş verə bilər və nəticədə uşağın səhhətində müəyyən problemlər ortaya çıxa bilər.

Nazirliyin baş mütəxəssisi bildirib ki, hazırda hamiləlik müddətində qan uyğunsuzluğu problemi olsa da, onun müalicəsi mümkündür.