Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaRusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışında iştirak edib


Digərləri 31 May 2018 21:09:00 268 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaRusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışında iştirak edib

Mayın 31-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

Bakı. Mayın 31-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB-ın) sədri Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan nümayəndə heyətinin üzvləri Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda şəhər sakinləri ilə görüşərək səmimi söhbət edib. Burada istirahət edən həştərxanlı uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub. X X X Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın görüşü olub. Qubernator Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə Həştərxan vilayətinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib. Qubernator deyib ki, bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olacaq. Yeni mərkəz əməkdaşlığımızın, biznes əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. A.Jilkin Mərkəzin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayaraq, yeni məkanda yeni biznes layihələrinin yaranacağına əminliyini ifadə edib. Qubernator Azərbaycan ilə elm və təhsil, səhiyyə və turizm sahələrində əlaqələrin intensiv inkişaf etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını qubernator Aleksandr Jilkinə çatdırıb. O, Həştərxan tərəfinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib. Yeni görüşlər təhsil, ekologiya və digər sahələrdə yeni layihələri müzakirə etmək imkanı yaradacaq. Bizim məqsəd və məramımız eynidir. Leyla Əliyeva Həştərxana hər zaman məmnuniyyətlə gəldiyini və bu şəhərin müsbət energetikasından ruhlandığını qeyd edib. O, Həştərxan qubernatorunu Azərbaycana səfərə dəvət edib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bu münasibətlərin inkişafında Həştərxan vilayətinin xüsusi rolu var. Son onillikdə Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edən sənədlər imzalanıb. Bu sənədlər bizi daha da yaxınlaşdırır, birgə fəaliyyət üfüqlərini genişləndirməyə imkan yaradır. Prezidentin köməkçisi vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda əhəmiyyətli layihələr həyata keçirilib. O, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə Azərbaycanda, eləcə də Rusiyada ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin təntənə ilə qeyd olunduğunu bildirib. Səfir bu yubiley münasibətilə Bakıda “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” mövzusunda tarixi-sənədli sərginin uğurla keçdiyini qeyd edib. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Nazir açılacaq yeni Biznes Mərkəzinin iqtisadi sahədə əlaqələrimizin daha da inkişafına kömək edəcəyini bildirib.