Günter Ottinger: "Aİ Azərbaycana iqtisadiyyatını diversifikasiya etməkdə yardım göstərməyə hazırdır"


İqtisadiyyat 31 May 2018 17:55:06 327 0

Günter Ottinger: "Aİ Azərbaycana iqtisadiyyatını diversifikasiya etməkdə yardım göstərməyə hazırdır"

Aİ komissarı Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli imkanının nəzərdən keçirilməsini təklif edib

"Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda keçirilən 25-ci "Xəzər Neft və Qaz" konfransının yekun sessiyasında deyib.

"Azərbaycan enerji resurslarının diversifikasiya üzrə planlarında da Avropa üçün vacibdir. Azərbaycanın Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında körpü rolunu oynayaraq geostrateji tərəfdaşlıqdan faydalana biləcəyinə əminəm. Aİ-də həmçinin Azərbaycanın nəqliyyat şəbəkəsinə çevrilməkdə maraqlı olmasından xəbərdardırlar. Bu istək Bakı-Tbilisi-Qars layihəsində öz əksini tapır", - Avropa komissarı bildirib.

G.Ottinger əlavə edib ki, Aİ Azərbaycana iqtisadiyyatını diversifikasiya etməkdə, ticarətin inkişafında, əlaqələrin yaradılmasında yardım göstərməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycan "Şərq tərəfdaşlığı" proqramında mühüm oyunçu və uğurlu iqtisadi dəyişikliklərin parlaq nümunəsidir.

Avropa komissarı həmçinin hərtərəfli tərəfdaşlıq barədə yeni Saziş üzrə danışıqlar davam etdiyindən Avropa Komissiyasının Azərbaycanla Aİ arasındakı ikitərəfli münasibətləri diqqət mərkəzində saxladığını vurğulayıb.

Aİ rəsmisi bu Sazişin ikitərəfli əlaqələri yeni səviyyəyə çıxaracağına əminliyini ifadə edib.

Cənub Qaz Dəhlizi barədə danışan G.Ottinger qeyd edib ki, müvafiq müqavilə imzalandığı zaman çoxları onun həyata keçirilməsinə şübhə ilə yanaşırdı. Eyni zamanda Avropa komissarının fikrincə, Cənub Qaz Dəhlizi 10 milyard kubmetr qaz həcmi ilə kifayətlənməməlidir: "Xatırlayın, "Nabukko" layihəsi 30 milyard kubmetrə hesablanmışdı. Odur ki, ixrac həcmini nəzərdən keçirmək olar. Üstəlik, Cənub Qaz Dəhlizi vasitəsilə Türkmənistan qazının nəqli imkanları var".

"Layihənin həyata keçirilməsinə görə Azərbaycan hökumətinə və SOCAR-a təşəkkür etmək istəyirəm", - deyə o fikrini tamamlayıb. Avrokomissar fürsətdən istifadə edərək ADR-in yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycanı təbrik edib.