“Report”: Neft bazarında durğunluq müşahidə edilir - ANALİTİKA


Digərləri 31 May 2018 16:59:00 821 0

“Report”: Neft bazarında durğunluq müşahidə edilir - ANALİTİKA

Buna səbəb Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin açıqlamaları, ABŞ-ın İrana qarşı sanksiya xəbərlərinin səngiməsidir

Təxminən 1 həftə bundan əvvələ qədər dünya bazarında neftin 1 bareli 80 ABŞ dollarına qədər bahalaşdı. Hazırda isə əmtəə birjalarında qiymət 77-78 dollar arasında dəyişir.

“Report”un analitik qrupu bunu neft bazarında durğunluğun müşahidə edilməsi kimi qiymətləndirir.

Xatırladaq ki, kəskin qiymət artımına səbəb ABŞ-ın İranla bağlı sazişdən çıxması, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə qərar verməsi idi. Digər tərəfdən isə dünyanın aparıcı neft ixracatçılarından olan Venesuelada iqtisadi böhranın dərinləşməsi bu ölkədə “qara qızıl” sənayesini təhlükə altında qoya bilər. Bu isə neft bazarında təklifin nəzərəçarpacaq dərəcədə azalması deməkdir.

Nəzərə almaq lazımdır ki, son vaxtlar dünyada neftə tələbat demək olar ki, azalmır, əksini artır. Bu, dünya iqtisadiyyatının gözləniləndən çox böyüməsi ilə bağlıdır. Məsələn, təkcə Avropa İttifaqı ölkələrində ötən il iqtisadi artım 2,4% təşkil edib ki, bu da əvvəlki ilə nisbətən təxminən 0,4 faiz bəndi çoxdur.

Bununla belə, son günlər Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin neft istehsalının həcmini artıra biləcəkləri barədə açıqlamaları qiymətlərdə müəyyən qədər azalma müşaiyət olunur. Eyni zamanda, ABŞ-ın İrana qarşı sanksiya xəbərlərinin səngiməsi də neftin bahalaşmasının dayandırıb. Çünki investorların bazarda tələbin təklifi üstələyəcəyi ilə bağlı gözləntiləri azalıb.