Azərbaycanda narkotik qəbul edən kişidən dəhşətli əməl: baldızının nişanlısını ürəyindən vurdu


Kriminal 31 May 2018 14:48:00 282 0

Azərbaycanda narkotik qəbul edən kişidən dəhşətli əməl: baldızının nişanlısını ürəyindən vurdu

Göyçay şəhərində baldızının nişanlısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Abdurahmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Pərviz Abdurahmanov spirtli içki və narkotik vasitələr qəbul etdiyinə görə 2013-cü ildən rəsmi nikahda olduğu arvadı Pərvanə Abdurahmanova ilə aralarında mübahisələr baş verib.

Ailədaxili münaqişə

Bu mübahisələrdən sonra Pərvanə azyaşlı qızı Xədicə Abdurahmanlı ilə Göyçay şəhəri Vaqif küçəsində yaşayan valideynlərinin evinə gedib və geri qayıtmayıb.

Pərviz Abdurahmanov 20 avqust 2017-ci il tarixdə, saat 23 radələrində içkili vəziyyətdə uşağını görmək bəhanəsilə qayınatası Elşən İsgəndərovun evinə gedib. Sonuncu etirazını bildirərək, Pərvizlə mübahisə edib. Qayınatası çubuqla onun kürək nahiyəsinə bir neçə dəfə vurub.

Uşağını istədi, döyüldü və söyüldü

Daha sonra o, qızı Xədicəni götürərək evinə aparıb. Yolda baldızının nişanlısı Müşfiq Əkbərov onunla qarşılaşıb, ailəsi ilə mübahisə etməsinə, qayınatasını və arvadını mütəmadi olaraq narahat etdiyinə görə ona iradını bildirib, uşağı geri verməsini tələb edib.

Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovu yumruqla bir neçə dəfə vurub. Zərbələrdən biri Pərvizin qucağında olan Xədicəyə dəyib.

Qisas almaq niyyəti

Pərviz Abdurahmanov Müşfiq Əkbərovun onun ailədaxili münasibətlərinə müdaxilə etməsindən, həmçinin azyaşlı qızı Xədicəni vurmasından qəzəblənib. O, qisas almaq niyyətilə Müşfiq Əkbərovu öldürmək qərarına gəlib.

Bu məqsədlə o, yaşadığı evdən bıçaq götürərək yenidən qayınatası Elşən İsgəndərovun evinə tərəf gəlib. O, qayınatasıgilin evinin darvazasının qarşısında Müşfiq Əkbərovla rastlaşıb.

Ürəkdən bir zərbə

Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovun ünvanına nalayiq ifadələr işlədib, yumruqla bir neçə dəfə onu vurub. Pərviz isə özü ilə götürdüyü bıçaqla Müşfiq Əkbərovun ürək nahiyəsindən bir dəfə vurub. O, hadisə yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Pərviz Abdurahmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun məruzəçiliyi ilə araşdırılıb.

"Hər dəfə Pərvanə evdən gedib"

Təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz Abdurahmanov bildirib ki, 2013-cü ildə qonşusu olan Göyçay şəhər sakini Pərvanə ilə ailə həyatı qurub, birgə nikahdan Xədicə adlı bir azyaşlı qız övladı var: "Spirtli içki içdiyim, həmçinin narkotik vasitədən istifadə etdiyim üçün Pərvanə ilə aramızda dəfələrlə mübahisə yaranıb və hər dəfə belə hal baş verəndə Pərvanə ata evinə gedib".

Pərviz Abdurahmanovun ifadəsinə görə, 2017-ci il avqustun 16-da yenə də spirtli içki içdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə Pərvanə onunla mübahisə edib və azyaşlı qızını da götürüb, atası evinə gedib: "Avqustun 19-da, saat 22 radələrində qayınatam Elşən İsgəndərovun evinə gedərək qızımı götürüb, evimə gətirdim. Qızımla bir qədər oynadıqdan sonra aparıb yenidən uşağı qayınatamgilə verdim".

"Qayınatam məni çubuqla vurdu"

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 20-də, saat 23 radələrində içkili halda qayınatasının evinə gedib: "Yenə də azyaşlı qızımı görmək, həmçinin uşağı evimə aparmaq, ona aldığım paltarı geydirmək istəmişəm. Evin qapısının qarşısına qayınatam çıxdı. Uşağı görmək istədiyimi dedim, qayınatam isə içkili halda olmağıma görə uşağı verməkdən imtina etdi, sonra da mənimlə mübahisə etməyə başladı. Qayınatam əlinə çubuq alaraq bədənimin müxtəlif nahiyələrinə həmin çubuqla bir neçə dəfə vurdu. Həmin vaxt əynimdə olan maykam da cırıldı".

"Yumruq qızıma dəydi"

Pərviz Abdurahmanov qeyd edib ki, həyətdəki səs-küyə qonşu Xəyalə gəlib və qayınatasına uşağı ona verməsini, özünün də onunla gedəcəyini və gətirib uşağını onlara təhvil verəcəyini deyib: "Qayınatam Elşən və həyat yoldaşım Pərvanə bundan sonra razılaşdı, uşağı mənə verdi. Mən də uşağımı götürərək, evimə tərəf getdim. Həmin vaxt saat 23.30 olardı. Qayınatam Elşənin darvazasından aralandıqdan sonra yolda baldızım Adilə İsgəndərovanın nişanlısı Müşfiq qarşıma çıxdı. Müşfiq məni görən kimi acıqlı danışaraq, mənə qaynatamgili bezdirdiyimi, uşağı ona verməyimi istədi və məni təhqir etdi. O, yumruqla sifət nahiyəmdən vurdu. Bunun Müşfiqə heç bir aidiyyəti olmadığını, ailə məsələm olduğunu, uşağını məndən nəyə görə istədiyini dedim. Bundan sonra Müşfiq məni yenə də yumruqla vurdu. Bu dəfə Müşfiqin zərbəsi qucağımda olan azyaşlı qızım Xədicəyə də dəydi və o ağladı".

"Haqq-hesab çəkmək üçün yenidən geri qayıtdım"