Aktrisanın bir cümləsi serialı məhv etdi


Digərləri 31 May 2018 11:57:00 246 0

Aktrisanın bir cümləsi serialı məhv etdi

ABŞ-da ən populyar teleseriallardan olan "Roseanne"nin nümayişi dayandırılıb.

Səbəb məşhur amerikalı aktrisa, komediya ustası, ssenarist, prodüser, rejissor, 2012-ci ildə solçu Sülh və Azadlıq Partiyasından prezidentliyə namizəd olmuş Rozanna Barrın Twitter-dəki paylaşımıdır.

Son.az CNN-ə istinadən bildirir ki, serialda baş rolda oynayan Rozannanın tvitini minlərlə amerikalı irqçi və təhqiramiz sayıb. Bir neçə saat sonra şounun prodüseri istefa verib, daha sonra "Roseanne"nin nümayiş olunduğu ABC telekanalı teleserialın bağlandığını bəyan edib.

Məşhur aktrisa üçünsə əsl problemlər, deyəsən, hələ yeni başlanır.

1988-ci ildən 1997-ci ilədək ABC-də göstərilmiş "Roseanne" sitkomu 9 il ABŞ telekanallarında ən populyar serial olmuşdu. Ötən ilin baharında serialı yenidən ekranlara qayıdacağı deyildi. Bu ilin martında premyera oldu və ilk seriyaya 27,3 milyon tamaşaçı baxdı. ABC prezidenti Çenninq Danqi demişdi ki, yeni mövsümün ilk seriyasına hər 10 amerikalıdan biri baxıb.

Serialı böyük uğur gözləyirdi.

Lakin mayın 29-da Rozanna Barr Twitter-dəki profilində yazdı: "İŞİD-lə "Meymunlar planeti"nin övladı Veleri Carretdir".

Bu tvit Barak Obama ABŞ prezidenti olduğu dönəmdə Mərkəzi Kəşfiyyat İdarəsinin Fransada keçirilən prezident seçkilərində namizədləri izləməsi ilə bağlı iddiaların müzakirəsinə peyda olub.

Tvit o dönəmdə Barak Obamanın baş müşaviri olmuş qaradərili Veleri Carret barədə idi.

Carret İranda yaşamış amerikalıların ailəsində doğulmuş qaradərili olduğundan Barrı irqçilikdə suçladılar.

Rozanna Barr tvitini sildi, üzr istədi, sonra isə Twitter-i tərk etdiyini yazdı.

Lakin qalmaqal səngimək əvəzinə daha da böyüyüb.


Xəbərə aid fotolar