Azərbaycanla bağlı PROQNOZ: Qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər


Digərləri 31 May 2018 11:47:00 224 0

Azərbaycanla bağlı PROQNOZ: Qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər

Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. "Hesab edirik ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə qeyd olunan istiqamət üzrə ölkə üçün fəaliyyət planının hazırlanması, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir". Şöbə müdiri deyib ki, son 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artaraq 2018-ci il 1 mart tarixinə 9911 min nəfər, əhalinin təbii artım göstəricisi isə əhalinin hər 1000 nəfəri üçün 8,1 nəfər səviyyəsində təşkil edib: "Doğulanların sayı hər 1000 nəfər arasında 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb. Bununla yanaşı, demoqrafik təhlillər göstərir ki, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda 100 doğulan qıza 114 oğlan düşür. Çində bu göstərici 115,9 təşkil edir".