Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33cü illik konfransı öz işinə başlayıb


Digərləri 31 May 2018 11:28:09 275 0

Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33cü illik konfransı öz işinə başlayıb

Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu mühüm tədbir Avropa Tibb Assosiasiyaları Forumunun həqiqi üzvü olan Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunub.

Tədbirdə ilk çıxış edən Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli bildirib ki, konfransın Bakıda keçirilməsi səhiyyəmizin inkişafına böyük töhfə verəcək. Assosiasiya haqqında məlumat verən N.Səfərli söyləyib ki, Azərbaycan Tibb Assosiasiyası 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: "Yarandığı vaxtdan etibarən Assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qurumun əsas məqsədləri həkimlərin hüquq və maraqlarının qorunması, həkimlərin təkmilləşdirilməsi və əhalinin tibbi maarifləndirilməsidir".

Assosiasiya sədri qeyd edib ki, konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri ideya və təcrübələri ilə bölüşəcəklər.

Daha sonra çıxış edən Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner tədbirin Bakıda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib. O bildirib ki, konfransda müzakirə olunacaq mövzular həm Avropa ölkələri, həm də Azərbaycan səhiyyəsi üçün vacibdir.