Komitə: Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb


Digərləri 31 May 2018 11:13:00 240 0

Komitə: Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb

Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib.

Bakı. İlhamə İsabalayeva - Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. S.Qəhrəmanova bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir".