Bakı Şəhər İcra Hakimiyyəti: Küçə musiqiçilərinin fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur


Digərləri 31 May 2018 09:22:00 235 0

Bakı Şəhər İcra Hakimiyyəti: Küçə musiqiçilərinin fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur

Küçə musiqiçilərinin bu fəaliyyəti dünyanın bir çox ölkələrində qəbulediləndir.

Bəzi ölkələrin mərkəzi şəhərlərində sərbəst fəaliyyətlə məşğul olan küçə musiqiçilərinə demək olar ki, addımbaşı rast gəlmək olar. Belə şəhərlərdə şəxs bu fəaliyyət növü ilə tək deyil, hətta qrup şəklində də problemsiz məşğul ola bilir.

Moskvanın Mədəniyyət Departamenti də hələ bir müddət əvvəl küçə musiqiçilərinin çıxış edə biləcəyi şəhər parklarının xəritəsini hazırladığını elan etmişdi. Məqsəd daha aktiv şəhər bayramları zamanı küçə artistlərinin kütləvi tədbirlərdə iştiraka cəlb etməkdir. Departament elan etmişdi ki, şəhər sakinlərinə küçə musiqiçilərini həvəsləndirməyə icazə verilsə də, musiqçilər özləri dilənçiliklə məşğul olmamalıdırlar.

Bakıda son vaxtlar küçə musiqiçilərinə əvvəlki dövrlərlə müqayisədə nisbətən çox rast gəlinsə də, onların sayı yenə də digər ölkələrdə olan qədər çox deyil.

Son.az bildirir ki, Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda musiqiçilərin küçədə bu fəaliyyət növü ilə məşğul olması üçün heç bir qadağa mövcud deyil.

Dünya təcrübəsində də belə fəaliyyət növünün olduğunu deyən deputat qeyd edib ki, ətrafdakı insanların həyat və iş şəraitinə mane olmadığı halda bu fəaliyyətin təşkilinin heç bir mənfi tərəfi yoxdur.

O, əksinə, Azərbaycanda küçə musiqiçilərinin olmasının turizm baxımından da maraqlı olduğunu deyib:

"Azərbaycan özünü turizm ölkəsi kimi inkişaf etdirmək istəyir və ölkəyə də gələn turistlərin sayı ildən-ilə artır. Yerli musiqiçilər mədəniyyətimizi, musiqimizi təbliğ edirlərsə, bunun üçün ancaq şərait yaradılmalıdır. Ola bilər ki, Azərbaycana gələn xarici turistlər də burada bununla məşğul olmaq, öz musiqilərini təbliğ etmək istəyə bilərlər. Bu halda müvafiq icra orqanları onları başa sala bilər ki, günün hansı saatında və harada bunu etmək olar. Əlbəttə ki, gecə saat 3-də yaşayış sahəsində belə bir fəaliyyətin olmasına icazə verilə bilməz. Amma musiqiçilərin fəaliyyəti ətrafdakı insanlar üçün narahatçılıq yaratmırsa, buna normal baxmaq lazımdır. Musiqi dinləmək parkda, istirahət yerlərində gəzən insanlar üçün maraqlı olar".

M.Quliyev hesab edir ki, musiqiçilərin kücədə sərbəst fəaliyyətlə məşğul olması üçün şəhər icra hakimiyyətləri şərait yaratmalıdırlar:

Deputat hesab edir ki, musiqiçilərlə yanaşı, rəssamların, xalq sənəti ilə məşğul olan digər sənətkarların da küçədə sərbəst fəaliyyətlə məşğul olmasına imkanlar yaradılmalıdır.