"Neftlə yanaşı dünyaya qazın da ixrac olunması Azərbaycanı ikiqat güclü edəcək"


Siyasət 31 May 2018 07:00:00 289 0

"Neftlə yanaşı dünyaya qazın da ixrac olunması Azərbaycanı ikiqat güclü edəcək"

""Cənub Qaz Dəhlizi" regionumuz və bütün dünya üçün mühüm geoiqtisadi layihədir. Bu layihənin həyata keçirilməsi ilə ilk növbədə Azərbaycan qazının Avropa bazarına çıxarılmasının təməli qoyulur. Bu yolla Azərbaycan öz qazını bütün dünyaya ixrac edə biləcək. Layihə Azərbaycan üçün mühüm iqtisadi əhəmiyyət kəsb edir, çünki "Cənub Qaz Dəhlizi" vasitəsilə ölkəmizə külli miqdarda maliyyə vəsaiti daxil olacaq və bu, iqtisadiyyatımızın inkişafına növbəti təkan verəcək".

Bu barədə Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib - FOTO Bundan əlavə, ekspertin fikrincə, bu layihənin mühüm siyasi əhəmiyyəti də var: "Azərbaycanın öz müstəqilliyini cəmi 25 ildir ki, bərpa etməsinə baxmayaraq, qısa zamanda dünyada öz sözünü deyə bilib. İqtisadi baxımdan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Avropa da görür ki, Azərbaycanla əməkdaşlıqlar zamanı ciddi maliyyə problemləri yaranmır. Yəni Azərbaycan məsələn, Ermənistan kimi pul dilənmək üçün siyasi oyunbazlıqla məşğul olmur və layihələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış edir. Bu çöx önəmlidir, çünki hazırda dünyada baş verən hadisələr, böyük siyasi böhranlar, terrorizm, hətta Avropada bəzi dövlətlərin iqtisadi baxımdan çətinliklər, bəzən iflasla üz-üzə qalması fonunda Azərbaycandakı vəziyyət onu yaxşı mənada fərqləndirir. Ona görə də "Cənub Qaz Dəhlizi"nin açılışı siyasi dividentlər də vəd edir. Belə ki, bundan sonra Avropa dövlətləri Azərbaycana daha meylli olacaq. Çünki müəyyən mənada onlar Azərbaycan qazından müəyyən dərəcədə də olsa, asılı vəziyyətə düşürlər. Bu bizim üçün müsbət haldır. Ona görə də "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan üçün tarixi hadisədir.

“Cənub Qaz Dəhlizi” Azərbaycana və regiona nə verəcək? - Tanınmış ekspertin izahı Bu iqtisadi inkişaf  dolayısı ilə Dağlıq Qarabağ məsələsinin həllinə də böyük təsir göstərir. Çünki artıq dünyada Azərbaycanı güclü bir dövlət kimi qəbul edirlər, bəzən istər-istəməz onun mövqeyini dəstəkləməli olurlar. Yürüdülən düzgün enerji, neft-qaz siyasəti Azərbaycanın inkişafında ciddi rol oynayıb. Xüsusilə, Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə düşməsi ilə çox şeylər dəyişməyə başladı. Lakin neftlə yanaşı dünyaya qazın da ixrac olunması Azərbaycanı ikiqat güclü edəcək".

E.Ələsgərov hesab edir ki, bu layihənin Rusiyanın əleyhinə yönəldilməsi ilə bağlı irəli sürülən fikirlər yanlışdır və belə fikirlər, Azərbaycanın xeyrinə deyil: "Bu layihəni bəzən Rusiyadan yan keçən və ona qarşı yönəlmiş layihə kimi qələmə verənlər də var. Lakin Azərbaycanın konkret məqsədi bu deyil. Bu, Rusiya ilə çəkişmədə, ziddiyyətdə olan qərbpərəst qüvvələrin fikridir. Azərbaycanın qonşuları ilə heç bir rəqabət aparmaq, onlara qarşı hansısa planlar qurmaq fikri yoxdur və yalnız öz iqtisadi maraqlarından çıxış edir. "Cənub Qaz Dəhlizi" də iqtisadi əsaslara söykənmiş layihədir. Bəli, onun bizim üçün müəyyən siyasi əhəmiyyəti olsa da, lakin şəxsən mən onun siyasiləşdirilməsinin tərəfdarı deyiləm. Çünki bu fikirlərlə əslində bizi başqa dövlətlərlə qarşı-qarşıya qoymaq istəyirlər".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət