Yeni binalardan mənzil alanların DİQQƏTİNƏ: MTKlara aldanmamaq üçün nə etməliyik?


Digərləri 30 May 2018 23:30:00 275 0

Yeni binalardan mənzil alanların DİQQƏTİNƏ: MTKlara aldanmamaq üçün nə etməliyik?

Paytaxtın müxtəlif istiqamətlərində yeni tikilən yaşayış binalarında kommunal xərclərin baha olması insanların haqlı marazılığına səbəb olur. Son.az publika.az-a istinadən bildirir ki, vəziyyət o yerə çatıb ki, yeni tikilən hündürmərtəbəli binalarda yaşayan sakinlər hər ay əlavə 30-60 manat pul ödəməli olduqlarını deyirlər. Paytaxtın müxtəlif yerlərində tikilən bir neçə fərqli yaşayış komplekslərinə baş çəkib, vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq.

"Binanın divarlarını biz boyayırıq"

Sakinlərin məsələyə münasibəti fərqlidir.

Hicran: "Binada istilik sistemi, yaşayış üçün təmin edilən bütün şərait normaldır. Normal yaşamaq üçün bu qədər xərc çəkib, ev almışıq də. Amma binanın çöl divarlarını da biz öz cibimizdən pul qoyub rəngləyirik. Hər ay kommunal xərclərdən əlavə 40 manat binanın komendantlığına veririk".

Sakinlərdən bəziləri dedilər ki, MTK-ların həmin toplanan vəsaiti hansı istiqamətdə xərclədiklərini bilmirlər. Bu mənada bilmirlər ki, binanın təmizliyi, lifti, təhlükəsizlik sistemi üçün yığılan ödənişlərin nəticələrini görmürlər.

Digər binlardan birinin sakini - Yaşar Məmmədov deyir ki, binanın təmizliyi onları qane etmir:

"Ayda 30 manat əlavə pul ödəyirəm. Binanın abadlığı deyirlər, təmizliyi deyirlər, amma heç bir təmizlik görmürəm. Bloklar natəmiz vəziyyətdədir. Zibillər həyətdə iylənənə qədər qalır. Dilə gəlib deməsək, nəzarət edən yoxdur. Havayı yerə pul ödəyirik".

"Lift pulu verib, liftdə qalırıq"

Nərimanov rayonu ərazisində yerləşən yeni tikili binalardan birinin 13-cü mərtəbəsində yaşayan Sevda xanım deyir ki, onun üçün hər şeydən önəmli lift sisteminin normal işləməsidir:

"Binada artıq 1 ildən çoxdur normal yaşayış var. Amma hələ də lift sistemi normal işləmir. Mən 13-cü mərtəbədə yaşayıram. Evimə pilləkənlə çıxa bilmərəm. Hər ay kommunal xidmətlərdən əlavə, 32 manat binanın komendantına pul ödəyirik. Bura binanın təmizliyi, zibillərin vaxtlı-vaxtında atılması, liftlərin baxımı daxil olsa da, bəzən liftin işləməməsi adamı məyus edir. Hətta liftdə qaldığımız vaxtlar da olub".

Bu gün bu istiqamətdə vahid tarifin olmaması da kəskin fərqlərin yaranmasına gətirib çıxarır. Paytaxtın müxtəlif ərazilərindəki yaşayış kompelekslərində xidmət haqqı adı ilə fərqli məbləğdə ödənişlər alınır. MTK tipli bəzi binaların komendantlığında toplanan vəsaitin hara xərcləndiyi ilə bağlı qeydlər aparılırsa da, əksəriyyətində bu istiqamətdə məlumatlar paylaşılmır.

Məsələnin hüquqi tərəfdən hansı yollarla tənzimlənməsinin lazım olduğunu öyrənmək üçün Milli Məclisin deputatı Aydın Hüseynovla əlaqə saxladıq. O, bildirdi ki, bu sahə ilə bağlı problemlərin həll olunması üçün vahid tarif sisteminin yaradılması vacibdir:

"Yeni tikilən binalarda mərkəzləşdirilmiş istilik sistemləri, blokların işıqlandırılması, məişət tullantılarının daşınması, lift sistemləri və s. Bütün bunlar fərqli keyfiyyət dərəcəsində təqdim edilir. Binaların tikintisi, sakinlərə təklif edilən xidmətlərin keyfiyyət dərəcəsi eyni olmadığı kimi, kəmiyyətdə də bir sıra fərqlər gözə çarpa bilir.. Təbii ki, qiymət yüksəkdirsə, keyfiyyət də ona uyğun olmalıdır. Amma bütün bunlarla yanaşı, qanunla orta bir həd təyin edilməlidir ki, dediyimiz qiymət fərqi kəskin surətdə seçilməsin. Hər bir görülən işin maya dəyəri, çəkilən xərclər var. Bu səbəbdən bina sakinlərinin tam hüququ çatır ki, hansı xidmətlərin müqabilində MTK-ya pul ödədiklərini tələb etsinlər. Xərclərin müəyyənləşdirilməsində bina sakinlərinin iştirakı məqbul sayılır".