"Məsuliyyətimiz daha da artdı"


Kriminal 30 May 2018 21:20:00 265 0

"Məsuliyyətimiz daha da artdı"

Fəxri adlara layiq görülən mədəniyyət xadimləri sonsuz sevinc, qürur və minnətdarlıq hissləri yaşayırlar 

Mayın 27-də prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzaladı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox sənət adamları fəxri adlarla təltif olundu. Həmin gün siyahıda adları olan sənət adamlarının sevincinin həddi-hüdudu yox idi. Son.az bildirir ki, mükafatlandırılan sənətçilər öz təəssüratlarını "Kaspi" ilə bölüşdülər.    "Bu ,həyatımda ən böyük sevinc oldu"   Xalq artisti, tarzən Vamiq Məmmədəliyev heç kimə müraciət etmədən, kiməsə minnətçi düşmədən belə bir ada layiq görüldüyünün qürurunu yaşayır: "Fəxri adların siyahısında öz adımı görəndə bir atalar sözünü xatırladım: "Sənətini gör, get dur dağın dibində. Əgər yaxşı işləmisənsə, səni mütləq axtarıb tapacaqlar". Qızım, heç vaxt sənəti olan insan yaddan çıxmır. Hər kəs bilir ki, kim kimdir və qabında nə var. Bu xalq, vətən üçün çalışan insanlar diqqətdən kənarda qalmırlar. Sevindirici haldır ki, fəxri ad alanların siyahısına baxanda, orada layiqlilərin adlarını gördüm. Mən özümü də o layiqlilər sırasında bildim. Çünki 51 il mənim bu sənətdə təcrübəm var. Özümü xoşbəxt hiss etdim ki, diqqətdən kənarda qalmadım. Bu, həyatımda ən böyük sevinc oldu".   "Əlimdən gələni əsirgəməyəcəyəm"   Xalq artisti adına layiq görülən xanəndə Teyyub Aslanov bizimlə söhbətində  prezidentə minnətdarlığını çatdırdı: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə özümün və dəyərli sənətkarlarımızın fəxri adlara layiq görülməsindən qürur hissi keçirirəm. Sizin vasitənizlə cənab prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı göstərir. Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bundan sonra da yaradıcılığımla ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Fəaliyyətimi qiymətləndirdiyi və mənə verdiyi dəyər üçün Mədəniyyət Nazirliyimizə də minnətdaram. Çox sağ olun".    "Həmkarlarıma görə də ikiqat sevincliyəm"   Xalq artisti fəxri adına layiq görülən Murad Dadaşov bu adı doğrultmaq üçün bundan sonra qarşısına daha böyük məqsədlər qoyacağını deyir: "Çox sağ olun, diqqətinizə görə. Prezidentimiz məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün inanılmaz qürur hissi keçirirəm. Mənə bu adı layiq bildiyi üçün prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihələrdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!".   "Özümü çox xoşbəxt hiss edirəm"   Xalq artisti Naibə Allahverdiyeva deyir ki, fəxri ada layiq görülərkən ömrünün ən unudulmaz gününü yaşayıb: "Çox sağ olun ki, siz mətbuat nümayəndələri məni bu qədər diqqətdə saxlayırsınız. Mən elə sizin vasitənizlə cənab prezidentimizə və onun xanımına təşəkkürümü bildirirəm. Hazırda sevincimin həddi-hüdudu yoxdur, özümü çox xoşbəxt hiss edirəm. İlk dəfə xəbəri eşidəndə, az qaldım sevincimdən öləm. Açığı, birdən-birə belə bir ad alacağımı gözləmirdim. Neçə vaxtdır ki, özümü çox pis hiss edirəm. Qan təzyiqimlə bağlı problemlərim var. Evdə oturmuşdum, birdən mənə zəng edib bildirdilər ki, fəxri ad almışam. Xəbəri eşidəndə şoka düşdüm. Tez qonşuya qaçdım və onlarda danışa bilmədim. Qonşum da elə bildi ki, nəsə bir hadisə baş verib. Axır ki, ona fikrimi çatdırdım və biz ağlamağa başladıq".

Xalq artisti bildirir ki, onun üçün bu ad ən yüksək bir tituldur: "Bu titulu aldıqdan sonra mənim məsuliyyətim daha da artdı. İndiyə qədər xalqımıza, dövlətimizə nə qədər xidmətlərim olubsa, ondan daha artıq xidmət göstərməliyəm. Adın yükü çox böyükdür".    "Bu mənim deyil, bütün nağara ifaçılarının uğurudur"   Xalq artisti Natiq Şirinov bu adı nağara zərb alətinə göstərilən böyük diqqətin göstəricisi hesab edir: "Əvvəla, bu ada layiq görüldüyüm üçün dövlətimizin başçısı, cənab İlham Əliyevə və onun xanımı, birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlığımı bildirirəm. Birinci xanım nağara sənətinə böyük diqqət göstərir. Bizim sənətimizi qiymətləndirir. İlk dəfə zərb aləti olan qoşanağara ifaçısı  Sadıq Zərbəliyeva xalq artisti adı verilmişdi. İndi isə bu ad mənim qismətimə düşdü. Bu mənim deyil, bütün nağara ifaçılarının uğurudur. Bu bizi daha da həvəsləndirir. Allah bizə cansağlığı versin ki, üzərimizə düşən işin öhdəsindən layiqincə gələk. Nə qədər sənətkarlar ad alıb, onları da öz adımdan təbrik edirəm. Bundan da gözəl günlər görsünlər". 

N.Şirinovdan bu adın yolunu gözləyib-gözləmədiyini xəbər alırıq: "Çoxdan gözləyirdim. Amma hesab edirdim ki, bu dəfə mənə verməzlər. Ağlıma da gəlməzdi. Fəxri adlar siyahısı açıqlanan gün məşqdə idim. Namazdan durduqdan sonra bir dostum zəng etdi, bildirdi ki, sənə fəxri ad veriblər. İnanmadım, dedim yəqin zarafat edir. Sonra digər dostlarım zəng etdi və gördüm ki, məsələ ciddidir. Ondan sonra sevinməyə başladım. Ona qədər səsimi çıxarmırdım. Dedim birdən yalan demiş olaram. Hər zaman vətənim, xalqım üçün çalışmışam və bundan zövq almışam. Bu fəxri adları aldığımıza sevinirik. Ancaq ad aldıqdan sonra passiv şəkildə yerimdə durmaq fikrində deyiləm. Daha da çox çalışacağıq və vətənimizin adını göylərə qaldıracağıq".    "Məsuliyyətim daha da artdı"   Xalq artisti Firudin Məhərrəmov əslində belə bir mükafatı gözləmədiyini bildirdi: "Açığı, gözləmirdim ki, Cümhuriyyətimizin 100 illiyində məni belə bir adla mükafatlandırarlar. Mənim üçün gözlənilməz oldu. Biz elə bu yaxınlarda yeni bir mükafat almışdıq. Davamlı olaraq çalışırıq, festivallarda çıxışlar edirik. Yəqin onları nəzərə alıb, məni bu mükafata layiq görüblər. Mən bu hissi digər həmkarlarıma da dadmağı arzu edirəm. Bunun məsuliyyəti bir az ağırdır. Düşünürdüm ki, gələn il 60 yaşım olacaq, bəlkə onda bu adı mənə layiq görərlər. Ancaq gördüyüm işləri nəzərə alıb belə məsləhət biliblər. İndi düşünürəm ki, məsuliyyətim daha da artdı".    "Bu, bütün kollektivimizin uğurudur"   Abdulla Şaiq adına Kukla Teatrının aktrisası Cəmilə Allahverdiyeva əməkdar artist fəxri adına layiq görüldüyü üçün özünü şanslı hesab edir. Deyir ki, siyahıda adını görəndə çox həyəcanlanıb: "Diqqətiniz üçün təşəkkür edirəm. Bilirsiniz ki, üzərimdə mərhum dramaturq, rejissor Rəhman Əlizadənin böyük əməyi var. Bu mənim adım yox, onun zəhmətinin haqqı idi. Kaş ki, müəllimim həyatda olardı. O, bu günü görməyi çox istəyirdi. bəlkə də onun xeyir-duası üzərimdədir. Kollektivin dəstəyi də bu işdə böyük rol oynayır. Belə ki, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə tərəfindən mənim təqdimatımdan da çox şey asılı idi. Çünki o, işçilərini qiymətləndirir, əziyyətinə dəyər verir. Bunun üçün ilk növbədə prezidentimizə, daha sonra teatrımızın direktoruna minnətdaram. Onlara təşəkkürümü bildirirəm".