“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü görüb (FOTO)


Digərləri 30 May 2018 20:43:00 284 0

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü görüb (FOTO)

TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir.

Bakı. TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir. Nəşriyyat Evindən Trend-ə verilən məlumata görə, bu günlərdə Cümhuriyyət tarixinə dair daha bir fundamental əsər – “Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb. Kitab Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış ən parlaq tarixi simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub. Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb. Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.