ADGTTda bir gündə iki premyera


Kriminal 30 May 2018 19:42:00 310 0

ADGTTda bir gündə iki premyera

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki premyera nümayiş olunacaq.

Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək. Tamaşa saat 19:00-da təqdim ediləcəkdir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa edir.

May ayının 30-da ictimai baxışı keçirilən P.Cullifordun "Şirinlər" pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası isə eyni tarixdə, 2 iyun saat 12:00 və 14:00-da təqdim ediləcək. Kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır.