""ŞəfəqAsiman” strukturu növbəti “Şahdəniz” ola bilər"


Digərləri 30 May 2018 13:11:17 263 0

""ŞəfəqAsiman” strukturu növbəti “Şahdəniz” ola bilər"

"Şəfəq-Asiman" strukturu növbəti "Şahdəniz" ola bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

BP-nin SOCAR ilə birlikdə Xəzərdə və daha geniş regionda ehtiyatların axtarışını davam etdirməsindən danışan Q.Cons bildirib: "Xüsusi qeyd etmək istədiyim üç ayrı kəşfiyyat layihəsi mövcuddur: "Şəfəq-Asiman", "Abşeron Yarımadasının Dayazsulu Hissəsi" və D230 saylı blok. Bunların hər üçündə də kəşfiyyat işləri SOCAR və BP arasında imzalanmış 50/50 iştirak payını nəzərdə tutan sazişlərə əsaslanır".

O xatırladıb ki, BP və SOCAR 2010-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" strukturu üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar: "Bu, BP-nin dənizdə kəşfiyyat və işlənmə sahəsində SOCAR ilə ikitərəfli əməkdaşlığının başlanğıcını qoydu. Bu blok Bakının cənub-şərq tərəfində təxminən 125 kilometr məsafədə yerləşir və təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir. O, dənizin təxminən 650-800 metrlik dərinsulu hissəsində yerləşir, yatağın dərinliyi isə təqribən 7000 metrdir".

Q.Cons deyib ki, 2012-ci ilin əvvəllərində "Gilavar" seysmik tədqiqat gəmisi bu strukturda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqatı tamamlayıb. Bu, həmin kontrakt sahəsində aparılmış ilk 3-ölçülü seysmik tədqiqat idi: "Sonra isə əldə edilmiş məlumatlar Azərbaycanda emal edildi və bu, ölkədə indiyədək emal edilmiş ən böyük 3-ölçülü tədqiqat məlumatları idi. Beləliklə, hazırda heyətlərimiz 2019-cu ilin ortalarında qazma işlərinin başlanması məqsədilə kəşfiyyat quyusunun planlaşdırmasını aparır. Aşkar edilmiş bu yataqdakı ehtiyatlar sənaye həcmlərində olarsa, bu, növbəti "Şahdəniz" ola bilər".