Daha bu kəndlərə gedişgəliş rahat olacaq FOTO


Digərləri 30 May 2018 12:54:00 240 0

Daha bu kəndlərə gedişgəliş rahat olacaq  FOTO

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Yardımlı rayonunda cari ildə uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bu yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yoludur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, bu yolun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklüdür. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.

Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi yolun torpaq və çınqıl əsaslı olduğu üçün çox pis olub.

22 km uzunluğa və 3-6 m arası enə malik avtomobil yolunun təqribən 13 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kub.m həcmdə yol yatağı qazılaraq çıxarılır, IV texniki dərəcəyə uyğun 10 m enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır.

Yolun 9 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Bundan başqa yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək daşınır. Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa ediləcək.  


Xəbərə aid fotolar