Fransa Senatında ADR-in 100 illiyi qeyd edilib


Siyasət 30 May 2018 11:55:18 287 0

Fransa Senatında ADR-in 100 illiyi qeyd edilib

Azərbaycanın bugünkü uğurlu inkişafından, bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə sadiqliyindən danışılıb

Fransa Senatında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və senator, senatda Qafqaz Qrupunun rəhbəri Alen Uperin dəstəyi ilə keçirilən dəyirmi masaya senatorlar, deputatlar, Fransanın digər rəsmi şəxsləri, professorlar, jurnalistlər və digər şəxslər qatılıblar.

Gərgin diplomatik mübarizə şəraitində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkənin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığı müzakirələr zamanıvurğulanıb.

Səfir Rəhman Mustafayev bolşeviklərin geosiyasi maraqları, müttəfiqlərin, habelə Fransanın gənc demokratik respublikanı dəstəkləməsi, AXC dövründə aparılmış qabaqcıl və mütərəqqi islahatlar haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sosial Elmlər üzrə Ali Məktəbin professoru Georgi Mamuliya Paris Sülh Konfransının qərarına əsasən,Azərbaycan Xalq Cümhuriyyətininmüstəqil dövlət kimi tanınması, həmin dövrdə dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlərin qurulması, ikitərəfli və çoxtərəfli müqavilələrin, sazişlərin imzalanmasına dair Fransa arxivlərindəki uzun illər ərzində apardığı araşdırmaları nəticəsində əldə etdiyi materiallara əsaslanaraq, tədbir iştirakçılarına dolğun və ətraflı məlumat verib. O, həmçinin Ermənistanın Azərbaycana olan ərazi iddialarından, xüsusilə Dağlıq Qarabağı ələ keçirmək niyyətlərinindən və bunun bütün Qafqaz dövlətləri üçün ağır nəticələrindən danışıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl dünyəvilik, dini azadlıq, multikulturalizm ənənələrinə, qadınlara səsvermə hüququna imza atmış Azərbaycanın bu gün, də bu istiqamətdə apardığı uğurlu siyasətindən danışıb və regionun ən sülhpərvər, inkişaf etmiş dövlətlərindən birinə çevrildiyini bildirib.

Ümumbəşəri dəyərlərdən olan dünyəviliyin, qadınlarla kişilər arasında bərabərliyin bu gün Azərbaycanın uğurlu dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdıran senator A.Uper, 2006-cı ildə Azərbaycanda qəbul edilmiş Gender bərabərliyi haqqında qanundan, ictimai və siyasi sahələrdə müəyyən məhdudiyyətlər qoyulmaqla, dini azadlığın uğurla təmin edilməsindən danışıb.

Müzakirələr zamanı Fransanın mötəbər İnstitutlarından olan Ali təhsil üzrə Praktiki Məktəbin tədqiqat direktoru Gil Otye, deputat Andre Vilye, Jan-Pyer Allali və digər şəxslər dünyəvi müsəlman dövləti olan Azərbaycan Respublikasının bugünkü uğurlu inkişafından, bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə sadiqliyindən ətraflı danışıblar.