Baş nazirin müavini: "Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı düşünməliyik"


Siyasət 30 May 2018 11:45:14 393 0

Baş nazirin müavini: "Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı düşünməliyik"

"Azərbaycan parlamentində qadınların iştirakının 20 faizdən az olması bizi düşünməyə vadar edir"

“Azərbaycan Xalq Cümhuriyyəti bir sıra ənənələrin əsasını qoyub. Bunlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsidir. Özünü demokratiyanın beşiyi elan edən cəmiyyətlər belə, qadınlara bu hüququ tanımamışdılar”.“Report”un xəbərinə görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunda çıxışı zamanı deyib.Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda qadınlar ictimai-siyasi sferada aktivlik nümayiş etdirirlər.Onun sözlərinə görə, cəmiyyətin inkişaf etdirilməsinə qadınlar töhvələrini verirlər: “Onlar, hətta bəzi hallarda kişilərdən də irəlidə gedirlər. Ali məktəblərdə oxuyan qızların sayı oğlanlardan çoxdur. Biz bunlarla qürur duyuruq. Biz irəliyə, gələcəyə baxırıq, qadın hüquqlarının daha geniş miqyasda həyata keçirilməsi qarşımızda duran əsas istiqamətlərdəndir. Qadınların sahibkarlıq sahəsində fəaliyyətinin genişləndiyini müşahidə edirik. Azərbaycan parlamentində qadınların iştirakının 20 faizdən az olması bizi düşünməyə vadar edir. Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı da düşünməliyik. Biz qadın əməyindən daha səmərəli istifadə etməliyik. Bununla Azərbaycan cəmiyyəti daha da inkişaf edər”.