Yardımlı uzunluğu 22 km olan avtomobil yolu yenidən qurulur (FOTO)


Digərləri 30 May 2018 11:13:00 294 0

Yardımlı uzunluğu 22 km olan avtomobil yolu yenidən qurulur (FOTO)

Yardımlı rayonunda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Bakı. Samir Əli - Yardımlı rayonunda uzunluğu 22 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yoludur. Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklüdür. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı. Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır. Başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyytli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi yolun torpaq və çınqıl əsaslı olduğu üçün çox pis olub. 22 km uzunluğa və 3-6 metr arası enə malik avtomobil yolunun təqribən 13 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə 20 min kub.m həcmdə yol yatağı qazılaraq çıxarılır, IV texniki dərəcəyə uyğun 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yolun 9 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür. Bundan başqa yolun genişləndirilməsi üçün bəzi hissələrdə dağ yamacları mexanizmlə kəsilərək, daşınır.