Qurban Qurbanov: "Bu qələbə çox vacib idi"


İdman 30 May 2018 09:35:00 266 0

Qurban Qurbanov: "Bu qələbə çox vacib idi"

Millimizin baş məşqçisi Qurban Qurbanov Qırğızıstanla keçirilən yoxlama oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, o əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm.

- İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?

- Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.