RusiyaGürcüstan ticarət dəhlizi Ermənistana silah nəqli marşrutuna çevriləcək?


Dünya 29 May 2018 20:48:00 240 0

RusiyaGürcüstan ticarət dəhlizi Ermənistana silah nəqli marşrutuna çevriləcək?

Rusiya ilə Gürcüstan arasıda 2011-ci ildən müzakirə olunan ticarət dəhlizinin yaradılacağı təqdirdə Azərbaycanın təhlükəsizliyi üçün yeni təhdidlər yarana bilər.

Son.az worldmedia.az-a istinadən xəbər verir ki, Gürcüstan Rusiya ilə əməkdaşlıq çərçivəsində Abxaziya və Cənubi Osetiyadan keçəcək ticarət dəhlizi yaratmaq niyyətindədir. Bu ticarət və tranzit marşrutunun yaradılmasına dair ilkin danışıqlar hələ 2011-ci ildə Mixail Saakaşvilinin prezidentliyi dövründə aparılmışdı. İki ölkə arasıda gedən bu müzakirələrdə İsveçrə vasitəçi kimi çıxış edirdi. Bəzi məlumatlara görə, bu tranzit marşrutunda əməliyyatlar üzrə icraçı- müşahidəçi rolu İsveçrənin SJS şirkətinə həvalə olunub.

Rusiya rəsmiləri deyir ki, tərəflər arasındakı razılaşmaya əsasən layihə  hələ Saakaşvilinin prezidentliyi dövründə icra olunmalı idi. Lakin Saakaşvilinin ABŞ-ın o zamankı prezidenti Barak Obama ilə görüşündən sonra Tbilisi layihənin reallaşdırılmasını gözlənilmədən qeyri-müəyyən müddətədək təxirə salıb.

Bir müddət sonra isə Gürcüstan rəsmiləri məsələnin Azərbaycanı narahat etdiyini açıqlamışdılar. Onların sözlərinə görə, Azərbaycan tərəfinin Gürcüstandan yeganə istəyi bu marşrutla Rusiyadan Ermənistana silah nəqlinə imkan verilməməsi imiş. Deyilənə görə, gürcülər Bakının bu istəyini qəbul edibmiş.

Bu günlərdə Gürcüstan-Rusiya ticarət dəhlizinin istismara verilməsi məsələsinin yenidən aktuallıq qazanması ilə bu, Azərbaycan mətbuatının əsas mövzusuna çevrilib. Azərbaycan KİV-i bu gün bir məqam üzərində "baş sındırır": gürcülər bu marşrutla Rusiyadan Ermənistana silah ötürülməməsilə bağlı öhdəliyə əməl etməzsə, Bakı Tbilisiyə lazımi təsir rıçaqlarına malikdirmi?