“Beynəlxalq Bank”ın həbsdə olan sabiq əməkdaşı: "Kriminal avtoritet olan dostum mənə hədə-qorxu gəldi"


Sosial 29 May 2018 17:12:21 301 0

“Beynəlxalq Bank”ın həbsdə olan sabiq əməkdaşı: "Kriminal avtoritet olan dostum mənə hədə-qorxu gəldi"

Növbəti proses iyunun 5-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rüfət Muradov ifadə verib.

O, bankda əməliyyatçı işlədiyini deyib: "Anarı 2007-ci ildən tanıyıram, münasibətimiz olub. Anar həmişə məni görüşə çağırırdı. Bir neçə dəfə çay içib söhbət etmişik. Bildirdi ki, "bankda işləyirsən, gəl pul çıxardaq". Anar özü kriminal adamdır, ləqəbi isə "Tsiqan"dır. Mənim balam var, belə bir iş görməzdim. Mənə hədə-qorxu gəldilər ki, pulu çıxartmalısan. Bir neçə ay bu söhbət davam etdi. Yaşamaq uğrunda mübarizə aparmışıq. Onu yaxşı tanımamışam. Dostum olduğunu düşünmüşdüm, lakin yanılmışam. Sonra məsələ elə oldu ki, hədələrə dözə bilmədim. Həmişə bahənələr edirdim".

R.Muradovun sözlərinə görə, 2015-ci ilin sonlarında A.Vəliyevin dediklərini yerinə yetirib: "Amma bankdan pul çıxarmağımdan iki il sonra üstü açıldı. Qorxumdan heç kimə şikayət edə bilmədim. Dediyim kimi hamısı kriminal aləm üzvüdürlər. Anarı dəfələrlə silahla polis saxlayıb".

Təqsirləndirilən şəxs söyləyib ki, onu bıçaqla, silahla hədələyiblər: "Mənə xəsarət yetirilməyib, lakin hədələnmişəm. Polisə gedib deyə bilmirdim. Anar özü deyirdi ki, kriminallar bu işi ona tapşırıblar. İşdən də çıxsaydım, məni öldürəcəklər".

Növbəti proses iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi R.Muradovla dostu A.Vəliyev, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunur.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.