Çinin xarici işlər nazirinin müavini: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır" FOTO


Siyasət 29 May 2018 15:00:00 265 0

Çinin xarici işlər nazirinin müavini: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır"  FOTO

Azərbaycanın Çindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Pekində rəsmi qəbul keçirib.

Son.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, Çin xarici işlər nazirinin müavini Kon Syuanyu və digər rəsmi şəxslərin, ÇXR-in müxtəlif nazirliklərinin nümayəndələrinin, Pekində akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, ölkə ictimaiyyətinin tanınmış simalarının, jurnalistlərin, elm xadimlərinin, işgüzar dairələrin nümayəndələrinin, eləcə də ÇXR-dəki Azərbaycan diasporunun üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı 100 il əvvəl, 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan AXC-nin elan olunduğu dövr barədə ətraflı məlumat verib, qısa müddət ərzində mövcud olmasına baxmayaraq, bir sıra qabaqcıl siyasi və iqtisadi islahatların gerçəkləşdirildiyini, qadınlara seçki hüququnun əksər ölkələrdən daha əvvəl verildiyini bildirib. O, AXC-nin varisi olaraq 1991-ci ildə müstəqilliyini bərpa etmiş hazırkı Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasına, ərazisinin bir hissəsinin işğal edilməsinə və ciddi iqtisadi, sosial və humanitar problemlərlə üz-üzə qalmasına rəğmən, Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində müstəqilliyini qoruduğunu, siyasi və iqtisadi sabitlik yoluna qədəm qoyduğunu, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində isə bölgənin aparıcı dövlətinə, eləcə də beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısına çevrildiyini vurğulayıb.

Azərbaycan-Çin münasibətlərinə toxunan səfir Ə. Zeynallı, bu münasibətləri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirib.

Daha sonra Çin Xalq Respublikası xarici işlər nazirinin müavini Kon Syuanyu çıxış edərək Azərbaycan xalqına bu əlamətdar bayram münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın Zaqafqaziyanın qədim tarixə və sivilizasiyaya malik vacib ölkəsi olduğunu deyib, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf yolu keçdiyini, beynəlxalq nüfuzunun getdikcə artdığını söyləyib. K. Syuanyu diplomatik münasibətlərin mövcud olduğu son 26 ildə Çin və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəm və sabit əsaslar üzərində formalaşdığını bildirib.

Çıxışlardan sonra müasir Azərbaycanın görüntülərindən ibarət video nümayiş etdirilib və qonaqlara milli mətbəximizin təamlarından ibarət rəsmi ziyafət verilib.


Xəbərə aid fotolar