İtaliya siyasi böhranda qıvrılır:


Siyasət 29 May 2018 12:17:00 246 0

İtaliya siyasi böhranda qıvrılır:

İtaliyada yeni hakimiyyət böhranı başlanıb. Ölkə prezidenti Serco Mattarella "Beş ulduz" və ifrat çağçı "Şimal Liqası" partiyalarının koalisiya formalaşdıraraq hökumət qurmaq cəhdlərinə veto qoyub.

Son.az European-a istinadən bildirir ki, prezident yeni hökumət formalaşdırmağı tapşırdığı 64 yaşlı iqtisadçı Karlo Kottarelli isə yeni kabinetin "keçid hökuməti" olacağını, ölkədə ən yaxın aylarda yeni seçkilərin keçiriləcəyini bəyan edib.

Martın 4-də keçirilmiş parlament seçkilərindən bəri İtaliya faktiki olaraq hökumətsiz qalıb.

Həmin seçkilərin nəticələri son onilliklər ərzində ilk dəfə olaraq İtaliyanın siyasi landşaftını dəyişib. Ölkədə irqçilər və ifrat sağçılar hökumət qura bilərlər ki, bu da İtaliyanın Avropa Birliyini tərk etməsi ilə nəticələnə bilər.

Kottarelli isə deyib ki, deputatlar yeni hökuməti dəstəkləsələr, növbəti parlament seçkiləri 2019-cu ilin əvvəlində keçiriləcək. Hökumətin yeni tərkibi dəstəklənməsə, seçkilər avqustda keçiriləcək.

İfrat sağçı, radikal və irqçi "Beş Ulduz Hərəkatı" ("Movimento 5 Stelle") və "Şimal liqası" ("Lega Nord") antisistem koalisiyası olaraq hökumət formalaşdırmağa çalışırlar. İtaliya prezidenti Serco Mattarella isə populistlərin belə cəhdlərinin qarşısını almağa çalışır.

"Şimal Liqası" 81 yaşlı Paolo Savonanı iqtisadiyyat naziri etmək istəyir. Savona İtaliyanın Avropa Birliyini tərk etməsinə çağırır. Prezident bu namizədlə razılaşmayanda vəkil və hüquq professoru, "Beş Ulduz Hərəkatı"ndan baş nazir postuna namizəd olan Cüzeppe Konte də dövlət başçısının hökuməti formalaşdırmaq tapşırığını qulaqardına vurdu.

"Beş Ulduz Hərəkatı"nın lideri Luici Di Mayo ölkə prezidentinin qərarlarını sərt tənqid edib.

"Serco Mattarella öz haqlarını vətəndaşların seçkilərinin sonuclarından yüksək tutduğu üçün mütləq istefa verməlidir", - Di Mayo deyib.

İfrat sağçı və irqçi "Şimal Liqası"nın lideri Matteo Salvini isə hesab edir ki, dövlət başçısı Avropa Birliyinin və maliyyə dairələrinin marionetkasıdır.

"Şimal Liqası" və "Beş Ulduz Hərəkatı" büdcəyə sərt qənaətə son qoyulmasını, vergilərin azaldılmasını, iqtisadi inkişafın sitmullaşdırılması üçün dövlət xərclərinin artırılmasını tələb edirlər.

Xatırladaq ki, martın 4-də İtaliyada keçirilmiş parlament seçkiləri ölkədəki siyasi vəziyyəti dəyişib. Son 50 ildə ilk dəfə olaraq lider mövqeyini 2009-cu ildə yaradılmış populist və antisistem, ənənəvi siyasi elitalara qarşı çıxan "Beş Ulduz Hərəkatı" tutub, səslərin 32 faizini qazanıb.

İfrat sağçı "Şimal Liqası" səslərin 18 faizinə, sabiq baş nazir Silvio Berluskoninin başçılıq etdiyi "İrəli, İtaliya!" sağçı partiyası isə 14 faizinə yiyələnib. Sabiq baş nazir Matteo Rensinin sol-mərkəzçi Demokratik Partiyası səslərin 19 faizini alaraq "qara rekord" vurub.

1946-cı ildən bəri İtaliyada 64 hökumət dəyişib.

Orxan Hun Son.az


Xəbərə aid fotolar