​“Valideynlər uşaqların peşə seçiminə müdaxilə etməməlidir” Vüsalə Mahirqızı VİDEO FOTO


Digərləri 28 May 2018 13:22:00 333 0

​“Valideynlər uşaqların peşə seçiminə müdaxilə etməməlidir”  Vüsalə Mahirqızı  VİDEO  FOTO

ARB Günəş-in "Mən məktəbli ikən" verilişinin növbəti qonağı əməkdar jurnalist, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı olub.

O bildirib ki, insanlara istəmədikləri geyimi geyindirmək olmadığı kimi, istəmədikləri həyatı yaşatmaq mümkün olmadığı kimi, istəmədikləri peşəni seçdirmək də olmaz: "Hər gün biyara gedirmiş kimi işə getmək olmaz. Valideynlər övladına bacardıqca istiqamət verə bilər, məsləhət verə bilər. Amma "filan peşə mənim arzum olub, sən bu peşəni seç" deyən valideynləri kəskin şəkildə qınayıram. Onlar artıq övladlarının ilk uğursuzluqlarının əsasını qoyurlar. Heç bir formada valideyn bu işə qarışmamalıdır". Tanınmış jurnalist öz peşə seçimindən də danışıb. O bildirib ki, artıq V-VI siniflərdə oxuyanda jurnalist olacağını qərarlaşdırıb: "Mənim də həyatımda yönləndirmə oldu. Həmin dövrdə reallıq elə idi ki, valideynlər qızlarının jurnalist olmasına elə də müsbət yanaşmırdılar. Anam mənə belə bir məsləhət verdi ki, filologiya ixtisasını seçim. Dedi ki, filologiya üzrə təhsil alsan, sonradan jurnalist peşəsinə yiyələnə bilərsən, çünki yaxşı dil-ədəbiyyat müəllimi yaxşı jurnalist ola bilir, amma jurnalistika ixtisası üzrə oxusan, müəllim kimi fəaliyyət göstərmək imkanın olmayacaq. Həyatın sənə yaratdığı fürsətlərdən istifadə edib jurnalist ola bilərsən, əgər alınmasa, ən azından işsiz qalmazsan". Vüsalə Mahırqızı valideynlərə və müəllimlərə səsələnərək, uşaqlara verilən təhsilin önəmidən də danışıb: "Çalışmalıyıq ki, uşaqlarımız savadlı olsun, çoxdilli olsun, müxtəlif fənn olimpiadalarında iştirak etsinlər. Bu yaxınlarda maraqlı bir statistika ilə qarşılaşdım ki, bu gün bizim yetişdirdiyimiz nəsil gələcəkdə bilmədiyimiz 40-dan artıq peşənin sahibi olacaq. Həmin peşələr haqqında hələ bizim təsəvvürümüz yoxdur. Biz gələcəyin insanını yetişdirməliyik". Xatırladaq ki, "Mən məktəbli ikən" verilişi hər həftənin bazar günü saat 19:30-da "ARB Günəş" televiziyasında yayımlanır. Veriliş "ARB Günəş" və Bakı Dövlət Universitetinin birgə layihəsidir.


Xəbərə aid fotolar