Yaradanın nə ehtiyacı var bizim acsusuz qalmağımıza?


Digərləri 27 May 2018 20:50:00 230 0

Yaradanın nə ehtiyacı var bizim acsusuz qalmağımıza?

Rəbbimiz mübarək Ramazan ayının orucunu Özünə aid edib. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Allah Təala buyurur: "Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm".

Bu ay - Allah ayıdır. Məlumdur ki, hər nə var - Allaha məxsusdur, o cümlədən, nəinki bütün aylar, bütün anlar belə Allaha aiddir. Lakin, bu ayın elə bir dərəcəsi, fəziləti, üstünlüyü var ki, bu ay Allaha xüsusi olaraq aid edilir. Necə ki, əziz Peyğəmbərimizin (s) çoxlu ailə üzvləri var idi, amma yalnız bir neçə nəfərə "Əhli-Beyt" deyildi. Eləcə də, bütün aylar Allahın ayıdır, hər nə varsa Allaha məxsusdur, lakin bu Ramazan ayı o qədər əziz və kəramətlidir ki, xüsusi olaraq vurğulanır. Xüsusi olaraq qeyd edilir ki, oruc tutan insan Allahın qonağıdır. Bildirilir ki, bu ayda Allah qonağı üçün çoxlu hədiyyələr hazırlanmışdır.

Bizlər gərək Uca Allaha dua edərək, deyək: "Ey Rəbbimiz! Bizim hazırlığımız yoxdur Sənin süfrənin kənarında oturaq. Sən Öz lütfünlə bizə nəzər salıb, Öz mənəvi süfrənin ətrafında bizə yer verib, mübarək ziyafətin bəhrələrindən faydalanmanı nəsib etsən, bəlkə bizə nəsə müyəssər oldu. Özümüzə qalsa, elə daima ətrafda gəzərək, süfrəyə yaxın düşmək ləyaqətinə sahib çıxmayacağıq. Yalnız Sənin tofiqatın sayəsində bu ayın imkanlarından istifadə edə biləcəyik. Sən - rəhmətin, bağışlamanın özüsən, ey Uca Rəbbim! Bizlər hazırlıqsızıq bu mənəviyyat çeşməsindən sirab olmağa. Özbaşına qalsaq, ən sadə, ən ibtidai bir işi də həyata keçirə bilməyəcəyik. Amma, bizləri qonaqlığına dəvət etmisən. Bu ayın orucunu vacib buyurmusan. İndi ki, qonaqlığına dəvət etmisən, Səndən diləyimiz budur ki, bizlərə Özün yer göstərənsən. Biz bilmirik bu süfrədə nə var, nə yoxdur. Özün bizi yedizdir-içizdir bu süfrəndən".

Bu ruhiyyə ilə yaşasaq mübarək Ramazan ayında, özümüzü ev yiyəsinə təhvil versək və desək ki: "Sənin qonağınıq, Sənə ümidliyik" - Uca Rəbbimizin tofiqat əta etməsilə bir pay apara bilərik bu süfrədən.

Qonağa ən yaxşı hədiyyə

Hədislərdə çox incə bir mətləbə işarə edilir. Buyurulur ki, oruc - Allaha aiddir və savabını da Özü verəcək. Ev yiyəsi Allahdır, qonağını da Özü yola salacaq. Və sanki, Rəsulallah (s) da bir məsələyə işarə edir ki, qonağa qarşı ən böyük hədiyyə, ən böyük diqqət o olar ki, bəndə bağışlana. Çünki, Allah qonağının, bəndənin, insanın əldə etdiklərinin o halda qiyməti var ki, insan özünün vücudi xilasına çatmış olsun. İnsan Allah dərgahına qayıdan gündə, sağalmış bir durumda olsun. Bəs belə isə, bağışlanmaq, kamilləşmək, qurtulmaq, nicat tapmaq baxımından Ramazan ayından da gözəl ay varmı insan üçün?

Peyğəmbərimizin (s) mübarək bir buyuruşu var: "Allah Təala buyurur: "Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur"".

Allahın nə ehtiyacı ona ki, insan bir ay yemək və içməkdən çəkinsin?! Allah Təalanın bizim fiziki orucumuza ehtiyacı yoxdur ki... Budur, Rəbbimiz bizə xəbər verir. Deyir ki, kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən-içməkdən çəkinməsinə heç bir ehtiyacım yoxdur.

Gözlərimiz, qulaqlarımız, dilimiz, digər əzalarımız oruc tutmasa, zehnimiz oruc tutmasa, fikirlərimizi, düşüncələrimizi mübarək səmtə yönəltməsək, pis, dağıdıcı, ruhu alt-üst edən düşüncələrdən pəhriz etməsək, oruc tutmaq adıyla yalnız yemək-içməkdən çəkinməkdən nə fayda?!

Qəlblərimiz oruc tutmasa, zahiri orucun böyük bir əhəmiyyəti və xeyri olmaz.

Ramazan ayı oruclusunun hədiyyəsi

Peyğəmbərimizdən (s) Ramazan ayının oruclusuna verilən hədiyyə ilə bağlı çox incə bir buyuruş var: "Heç bir mömin yoxdur ki, mübarək Ramazan ayını fəqət Allaha hesablanaraq oruc tutmuş olsun, Allah Təala da yeddi xisləti onun üçün vacib etməsin:

1. Onun vücudunda, varlığında nə qədər ki, haram var - əriyib gedər.

2. Allah Təalanın rəhmətinə yaxınlaşar".

Kim Allahın əmrini yerinə yetirərək oruc tutarsa, Allahın rəhmətinə yaxınlaşar. Xoş olsun o insanın halına ki, Allahın rəhmətinə yaxın olmuş olar.

"3. Atası Həzrət Adəmin (ə) xətasını örtmüş olar.

4. Allah Təala onun can verdiyi anları asan edər.

5. Qiyamət günü aclıq və susuzluqdan azad edər".

O gün ki, insanların ən ağır günüdür, Allahın əmrini yerinə yetirən oruclu, Qiyamət gününün aclıq və susuzluğundan amanda olar.

"6. Behiştin ləziz təamları onun üçün nəsib olar.

7. Allah Təala Cəhənnəm atəşindən qurtulmanı ona nəsib edər".

Nədən uzaq olmaq? Nəyi xatırlamaq?

Mübarək Ramazan ayı boyu, sonadək ibadət amili davam edir. Ayın müxtəlif günlərində dəfələrlə müxtəlif formalarda təkrarlanan 2 mühüm nöqtə vardır. Birincisi - uzaq olmağı istəməklə bağlıdır. Nədən uzaq olmaq? Boş, bihudə işlərdən. Xətalardan, səhvlərdən. Asi olmaqdan, günah işlətməkdən. Və bu uzaqlığın vücuda dərin kök salmış formada olması istənilir. Bir mələkə formasında - dərin surətdə qəlbə hopmuş olaraq istənilir.

İkincisi - xatırlamaqla bağlıdır. Davamlı olaraq Onu xatırlamaq durumunu istəyirik Allahdan. Davamlı olaraq Allahı xatırlamaq - insanı günahlardan uzaq edər. Boş-boş işlərdən çəkinər insan. Bu da, insanın ümumi durumu ilə yanaşı, ibadətin keyfiyyətinə də müsbət təsir göstərir.

Allahı yad etməklə bağlı əziz Peyğəmbərimizdən (s) nəql edirlər: "Allahdan qafil olanların arasında Allahı yad edən kəs, fərarilərin arasında döyüşən şəxs kimidir".

Necə bəzi insanlar döyüşdən qaçaraq, fərarilik etdiyi kimi, Allahdan qafil olanlar da bəndəlikdən fərarilik ediblər. O şeyi ki, bəndə olaraq etməlidirlər - etmirlər. Bəndəliyini edən isə döyüş meydanında vəzifəsini əda edən döyüşçü kimidir. O, Allah dərgahında mövcudiyyətini təsbit edib.

Orucun digər faydası isə Qiyaməti xatırlatması ilə bağlıdır. İmam Rza (ə) buyurur: "İnsanlar oruc tutmağa əmr olunublar ki, aclıq və susuzluğu anlasınlar və onun vasitəsilə axirətdəki imkanlızlığı duysunlar".

Neçə saatlar ki, insan ac-susuz qalır - bir imkandır ki, Allahın lütfü ilə Qiyaməti xatırlasın. O günü xatırlasın ki, ac-susuz bir vəziyyətdə olacaq və əməllərinə görə cavab verəcək. Nə qohumu, nə dostu, nə tayfası və nə də digər bir şeyi o məqamda dadına gələ bilməyəcək. Fəqət yaxşı əməlləri, gözəl ibadətləri karına gələcək onun.

Böyük insanlarla dostluq

Mübarək Ramazan ayının dualarının bir qismi insanlarla olan münasibətə bağlıdır. Əgər əvvəlinci günün dualarında fərdi yüksəlişlə, fərdi islahatla bağlı məsələlər önə çıxırsa, sonrakı dövrdə sanki xüsusi məsələlər, xüsusi mənəvi qidalar var ki, daha çox insanın digər insanlarla münasibətini tənzimləməyə aiddir.

Mübarək ayın bəyənilən əməlləri arasında yetimə qayğı xüsusilə təkid olunmuşlardandır. Ehsan vermək üçün imkanın olması kimi nöqtələr vurğulanır. Salamı verməkdən tutmuş, ünsiyyətə aid digər məsələlər də mübarək ayın dualarında öz əksini tapmışdır. Ayrıca olaraq, ləyaqətli, şəxsiyyətli, yüksək mənəviyyat sahibləri ilə ünsiyyət məsələsi də bu dualarda vurğulanır.