Bakıda yolu zəbt edən kafelər:


Digərləri 27 May 2018 18:18:00 278 0

Bakıda yolu zəbt edən kafelər:

Bakının Nəsimi rayonu, Cavadxan küçəsinin bir hissəsi kafe və çay evləri tərəfindən zəbt edilib. Binaların birinci mərtəbəsində yerləşən ticarət və iaşə obyektləri piyadalar üçün nəzərdə tutulmuş yolu tutduğundan, sakinlər evlərinə getmək üçün avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar. Hətta fövqəladə hadisələr zamanı da təcili yardım və ya yanğınsöndürmə avtomobilləri binaya yaxınlaşa bilmir.

Son.az  bildirir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına Cavadxan küçəsi, 23 ünvanında yaşayan Kənan Qasımov müraciət edib.

Onun sözlərinə görə, obyektlərin yolu bütünlüklə bağlaması azmış kimi gecə səhərə qədər kafelərdən çıxan sərxoş insanların səs-küyündən evdə yaşamaq mümkün deyil: "Qışda bizim binamızın zirzəmisində kabel alışmışdı, yanğınsöndürənlər binaya yaxınlaşa bilmirdi. Çox çətinliklə kafelərin qurduğu barrikadanı yara bildi. İndi də hava isindiyinə görə kafelərin stollarını çıxararaq yolda quraşdırıblar. Evimizə keçib gedə bilmirik. Xüsusən də, qadınlar çox əziyyət çəkirlər. Küçədən qadınlar keçəndə onlara sataşırlar. Gecə saat 3-4-ə qədər domino və nərd oynayırlar, sərxoş kişilərin, əxlaqsız qadınların əlindən bilmirik hara gedək. Pəncərəni açıb hava almaq, küçədən uşaqla keçmək mümkün deyil. Bakıda nə qədər əxlaqsız, avara adam var, evimizin qabağına yığışıb..."

Şikayətçi deyir ki, bina sakinləri dəfələrlə "102" qaynar xəttinə zəng edib, Nəsimi rayon polis idarəsinə ərizə ilə müraciət etsələr də, faydası olmayıb. Kafe sahibləri isə sentyabr ayının 11-dək icra hakimiyyətinə icarə haqqı ödədiklərini və buna görə də, fəaliyyətlərini davam etdirəcəklərini deyirlər.