"Xalqına nifrət edən Rüstəm İbrahimbəyov xalqın fəxri adını daşıya bilməz"


Siyasət 27 May 2018 11:13:00 306 0

"Xalqına nifrət edən Rüstəm İbrahimbəyov xalqın fəxri adını daşıya bilməz"

Rüstəm İbrahimbəyovdan Azərbaycana aid bütün titullar alınmalıdır.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Qafqaz üçlüyü" filmində ermənilərin guya məzlum, yazıq, azərbaycanlıların isə qaniçən olduğu göstərilir:

"Ermənilər tarixən azərbaycanlılara qarşı qatı cinayətlər, soyqırımlar törətsələr də həmişə özlərini dünyaya məzlum xalq kimi təqdim etməyə çalışıblar. Ermənilər bu adla işğal etdikləri Dağlıq Qarabağı Azərbaycana qaytarmamaq və həmin əraziləri Ermənistana birləşdirmək istəyirlər. Bu ideologiya ermənilərin işğal siyasətinin mərkəzində durur.

Rüstəm İbrahimbəyov da ermənilərin bu ideyasına xidmət edən, ermənilərin bu siyasətini əyani şəkildə formalaşdıran bir ssenari yazıb, bununla da tək Azərbaycan dövlətinə, xalqına deyil, bütün şəhidlərin ruhuna xəyanət edib. Mən təəssüf edirəm ki, onun adının üstündə Azərbaycan adı var. Düşünürəm ki, Rüstəm İbrahimbəyovun adının üstündə Azərbaycanla bağlı heç bir ad olmamalı, Azərbaycana aid heç bir titul daşımamalıdır. Azərbaycanla bağlı aldığı bütün fəxri adlar, mükafatlar geri alınmalı, hətta Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Çünki bu insan belə adlara layiq deyil".

B.Sadıqov qeyd edib ki, Rüstəm İbrahimbəyov minlərlə şəhidin qanının qarışdığı bir torpağa xəyanət edib: "Ona görə də mən tezliklə Rüstəm İbrahimbəyovun Azərbaycanla bağlı bütün titullarından məhrum edilməsini istəyirəm".