“Bakınets” ədəbiyyatı və yaxud manqurtluğun təbliği –


Digərləri 26 May 2018 23:06:00 297 0

“Bakınets” ədəbiyyatı və yaxud manqurtluğun təbliği –

Son.az musavat.com-a istinadən xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, əməkli səfir, professor İsfəndiyar Vahabzadənin məqaləsini təqdim edir:

Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını aşağılayan, təhqir edən əsərləri nə bu gündən, nə dünəndən başlayıb.

O, bu xalqa olan nifrətini həmişə açıq-aydın bildirib. Sadəcə olaraq, son zamanlara qədər ya onu başa düşən olmayıb, ya da heç kim onu başa düşmək istəməyib. Əksinə, bir çox hallarda onun antimilli əsərlərinə tərif-tərif dalınca yağdırılırdı.

Antimilli ştrixlər onun ssenarilərində, hekayələrində özünü hər zaman açıq-aydın göstərib. Adicə onun "Bir cənub şəhərində" adlı filmi xalqın ağrılarını, acılarını göstərmirdi. Nədənsə bu əsər çox böyük səs-küyə səbəb olmuşdu. Mən bir ədəbiyyat üzrə elmlər doktoru, professor kimi deyə bilərəm ki, onun heç bir əsərində xalqımızın ağrıları, acıları özünü büruzə verməyib. Adicə cümlə quruluşları, təhkiyə üsulları , konfliktlər, dialoqlar heç bir zaman bir-birinə bağlı olmayıb. Amma nədənsə cəmiyyət onun əsərlərini çox səs-küylə qarşılayırdı. Baxmayaraq ki, o, hər bir əsərində Azərbaycan xalqını təhqir edirdi. Məsələn, R.İbraqimbekovun (İbrahimbəyov yox, İbraqimbekov) "Bağlı qapı arxasında" filmindən bəzi fraqmentləri yada salaq. Səhv etmirəmsə bu film 80-ci illərdə çəkilmişdi. Filmdə millətlərin bir-birinə qaynayıb-qarışması təbliğ olunurdu. Əsərin müsbət qəhrəmanlarından biri olan qoca bir erməni çəkməçi azərbaycanlıya öz çirkli çəkmələrini sildirərək deyir:

- "Ara sən bir mənə qulaq as, nə fərqi var ki, yəhudi olsun, ya rus, ya erməni olsun, ya azərbaycanlı bütün bunlar boş-boş şeylərdir. Əsas məsələ bizim hamımızın bir torpaqdan olmasıdır. Bax fikir ver, biz hər ikimiz Şamxaradlıyıq..."

Coğrafi ərazilərdə Şamxarad adında yer yoxdur. Bəlkə də var, mən bilmirəm. Hər halda belə bir yer Azərbaycanda yoxdur. Bəlkə də Ermənistanda var. Və bu qoca erməni israrla azərbaycanlıya deyir və ona təlqin edir ki, qarabağlılar, naxçıvanlılar hamısı bir-birlərini tutub, bir-birilərinə arxa olduqları kimi gərək biz Şamxaradlılar da bir-birimizə arxa olaq.

Hə... Qarabağın, Naxçıvanın yerli əhalisinin kimlərdən ibarət olduğunu bildik. Bunlar azərbaycanlılardır. Bəs, R.İbraqimbekovun qələmə alıb təsvir etdiyi Şamxaradın yerli əhalisi kimlərdir? Bu isə məlum deyil. Yalnız bir məsələ məlumdur ki, bu yerin əhalisi Şamxaradlılardır. Yəni, burada həm ermənilər yaşayır, həm ruslar, həm yəhudilər yaşayır, həm də başqa millətin nümayəndələri. Və bunlar hamısı birləşərək Şamxaradlı olublar. Yəni "Bakinets".

Əsərdə göstərilir ki, vaxtilə cinayət edib həbsxanaya düşmüş əslən Şamxaradlı olan birisi indi həbsxanadan azad olub evinə dönüb. O vaxtilə bu cinayəti dostuna görə edibmiş. Dostu isə Şamxaradlı deyil, sadəcə olaraq azərbaycanlıdır. Və dostu cinayət baş verən zaman Şamxaradlını qoyub qaçıb. Şamxaradlı isə dostu azərbaycanlıya görə həbs olunub. Hətta, doğma atası belə ona kömək etməyib. Çəkinib, qorxub. Halbuki, kömək etməyə əlində imkanı var idi. Əsərin sonunda göstərilir ki, həbsdən çıxan bu Şamxaradlı az bir vaxtdan sonra haqsızlığa dözməyib yenə nəsə bir cinayət edib. Bu gənci vaxtilə darda qoyan azərbaycanlı dostundan və ona kömək etmək istəməyən atasından fərqli olaraq milliyətcə erməni, əslən Şamxaradlı olan bu qoca isə onu heç nədən qorxmayaraq müdafiə etməyə gedir...

Müəllifin əsərdə nə demək istədiyi məlumdur. Dini, adəti, dili, ənənəsi, kökü, tarixi olmayan yeni bir millətin - "Bakinets" (bakılı yox, məhz "bakinets") millətinin yaradılması. Və bütün bunlar hamısı birləşərək rayondan gəlmələrə qarşı mübarizə aparmalıdır. "Afərin" belə bir təbliğata.

Yaxud, "Anın hökmü" adlı başqa bir əsərini götürək. Guya ki, haradasa Səngəçevir adlı bir şəhər, yaxud rayon vardır. Və burada Feliks, Alik, Toma, Edik, Ramiz və daha kimlərsə yaşayır. Az-çox damarlarında milli qan axan hər hansı bir şəxs bu əsəri oxuyan kimi dərhal başa düşür ki, bu Səngəçevir deyilən yer manqurt yığnağıdır. Sözsüz ki, Azərbaycanda Səngəçevir adlı yer yoxdur. Və mən Azərbaycanda elə bir sarsaq yer tanımıram ki, orada cinsiyyətləri və milliyyətləri məlum olmayan Felikslərlə, Ediklərlə, Aliklərlə Ramizlər dostluq etsin. Yəni, müəllif bununla onu demək istəyir ki, burada bütün millətlər hamısı bir-birinə qaynayıb-qarışıb. Hamı birlikdə Səngəçevirli olub, yəni "Bakinets". Səngəçevirlilər də Şamxaradlılar kimi əla insanlardır. Çünki, burada da millət anlayışı yoxdur.

Və bu Səngəçevir deyilən yerdə hamı da bir-birinə can deyib, can eşidir. Birinin həyat yoldaşı rusdur, digərininki erməni. Bunun isə qətiyyən fərqi yoxdur. Əsas məsələ odur ki, bunlar Səngəçevirlilərdirlər. Hətta Oqtay adlı birinin həyat yoldaşı rusdur. Və o qadın gecələr evə gəlmir. Səhərlər isə evə çoxlu pul gətirir. Oqtay da bunu bilir, bilir ki, arvadı ona xəyanət edir. Amma Oqtay bütün bunlara göz yumur. Neyləsin? Həm də axı nə olsun ki, axı nə var burda? Əgər Oqtayın arvadı fahişədirsə, özü bilər. Bunun heç kimə dəxli yoxdur. Belə hərəkətlər görünür, Səngəçevirin "milli mentalitetinə" tam uyğun gəlir.

Alik adlı başqa birisi isə öz toyuna iki gün qalmış halalca nişanlısının yarıçılpaq halda başqa birisinin qucağında oturmuş şəklini tapır. Və bilmir ki, neyləsin. Əsərin digər qəhrəmanı Hatəm... isə Alikə başa salmağa çalışır ki, burada elə bil qəbahət iş yoxdur. Nə olsun... Həyatda belə-belə işlər çox ola bilər. Kişi də kənara gedə bilər, arvad da. Əsas məsələ budur ki, sənin ailə qurmaq istədiyin qız əslən Səngəçevirlidir... Sonra isə Hatəmin özünün həmin qıza, yəni dostunun nişanlısına gözü düşür. "Afərin"!

Öz əsərlərində Şamxarad, Səngəçevir və sairə adlardan istifadə edən R.İbraqimbekov nədənsə "Doqquzuncu xrebtovu" əsərində Azərbaycana Əlibəy Hüseynzadə kimi bir dahini bəxş edən Salyan əhlinə "nakişi" deyir. Özü də, maraqlısı budur ki, Salyan əhlinə "nakişi", "...hələ indiyə kimi, Salyandan kişi çıxdığını görməmişəm", deyən Tofiq adlı bir sürücüdür. Və ali təhsilli jurnalist olan bir nəfər də Tofiq və onun dostları haqqında deyir ki, bunlar çox təmiz, pak, düz danışan insanlardır. Onda demək, R.İbraqimbekovun sözlərindən belə çıxır ki, belə düz danışan adam əgər salyanlılara "nakişi" deyirsə, o sözün düzünü deyir. Görəsən, müəllif Əlibəy Hüseynzadənin, Xəlil Rzanın bu millətdən nigaran gedən ruhundan xəcalət çəkirmi? Heç bəlkə onları tanımır da. Əlbəttə, İbraqimbekovlar onları tanımazlar.

Yuli Sezar deyib ki, qəhrəmanlığın qarşısını vaxtında almasan o qudurğanlığa çevrilə bilər. Sözsüz ki, İbraqimbekovun dediyi bu sözlər qəhrəmanlıq deyil. İkincisidir. Və bunun qarşısı vaxtında alınmalı idi. Amma qarşısı alınmadı. Əksinə, təltif-təltif dalınca, titul-titul dalınca ...gəldi. O da düşündü ki, mən nə qədər milləti təhqir etsəm, daha çox şöhrətlənərəm. Elə ona görə də, "Qafqaz üçlüyü" filmini yazdı və çəkdi.

İndi sual olunur, belə manqurtluğu təbliğ edən əsərlərlə R.İbraqimbekov nə demək istəyir və millətə hansı tərbiyəni vermək istəyir?

Bu yerdə daha bir xatırlatma:

... "Ad günü" əsərində isə tikintidə fəhlə işləyən Bahadurun həyat yoldaşı ermənidir. Və Bahadur da arvadının məhz erməni olması ilə xüsusi fəxr edir. Çünki qayınları Albert və Hamlet əla rəngsazdırlar. Həm də gözəl səsləri var. Hərdənbir əla erməni mahnıları oxuyurlar. Və Bahadur da belə mahnılardan xüsusi zövq alır.

... Əsərin digər qəhrəmanı Boris Leybinin arvadı isə azərbaycanlıdır. Və sair və ilaxır.

Və belə manqurtluğu təbliğ edən əsərlər isə İbraqimbekovun "yaradıcılığında" kifayət qədərdir.

Bu Azərbaycanlı "bakinetslər" dostluq etdikləri və yaxud bir həyətdə yaşadıqları rubenlərə, aşotlara, abramlara, semalara, mişalara üstünlük verir, onlarla oturub-dururdular. Amma öz milli zəminindən uzaqlaşan və öz ənənəsinə nifrət edib gülən bu "bakinetslər" və onların yolu ilə gedənlərin bir məsələdən qətiyyən xəbərləri yox idi. Bu dostluq edib, oturub-durduqları rubenlər və abramlar, semalar və mişalar onun özünün mənsub olduğu millətə nifrət edirlər. Və bu nifrət o qədər güclüdür ki, nəinki uzun illərdən bəri, bu ölkədə yaşamalarına baxmayaraq, onun dilini öyrənmir və bu dilə nifrət edir. Hətta, "Mən Azərbaycan vətəndaşıyam" sözünü belə dillərinə gətirməyə xəcalət çəkilər. Ya "Bakinets" deyirlər və bununla öz dilini bilməyənlərimizə təlqin edirlər ki, biz hamımız eyni bir millətdənik. Yəni "Bakinets". Bizə qətiyən fərqi yoxdur ya erməni olsun, ya rus, ya yəhudi olsun, ya da ki moltanı. Biz hamımız birik. Və eyni bir millətin də nümayəndəsiyik. Bakı Azərbaycandan ayrı bir yerdir. Bakı yeni bir ölkə, "Bakinets" isə yeni bir millətdir. Və bu millətin dili Azərbaycan dilində jarqonlu, Bakı ləhcəsi ilə rus dilidir. Və bu dili bilməyənlər isə bizdən deyil, yəni "Bakinets" deyillər, azərbaycanlı - çuşkadırlar. Yerli-köklü əsil bakılılar da "Bakinets" deyillər. Onlar da "qədeşdirlər". O zaman bizim o "Bakinets"lərimizin birinin də ağlına gəlmirdi ki, bu rubenlərdən və mişalardan soruşsun ki, aya, bu "Bakinets" dediyin zad ki, belə yaxşı və dəyərli bir şeydirsə, niyə bunu gedib öz xarabanızda tətbiq etmirsiniz? İndiyə kimi heç olubmu ki, bir nəfər erməni durub desin ki, mən erməni deyiləm, Yerevanetsəm. Və yaxud desin, kənddən gələn erməni bizdən deyil, Yerevanda yaşayan Əhməd isə Yerevanetsdir və mənə Rubendən yaxındır. Axı belə bir şey olmayıb. Ermənistanın xalq yazıçısı Vardges Petrosyan bir dəfə parlamentdə çıxış edərkən demişdi ki, nə ermənilər öz torpağını qoyub gedəndirlər, nə də azərbaycanlılar. Biz dil tapmalıyıq. Bunun üstündə Vardges Petrosyanı öz qapısının ağzındaca güllələdilər. İndi isə erməni ziyalılardan gətirdiyim misalları çəkirəm:

****

"İndi bizim küçələrimizdə sırf erməni danışığı eşidilir". Nə türkcə (azərbaycanca), nə rusca kəlmələr eşidilmir. Müstəqil bir millət üçün bundan böyük xoşbəxtlik yoxdur".

Mesrop Maştos mükafatı laureatı Silva Kaputikyan. Ermənistan. "Mir" jurnalı, №5.

****