Bakıda yenə nömrəsiz maşınlar şütüyür


Digərləri 26 May 2018 19:11:00 242 0

Bakıda yenə nömrəsiz maşınlar şütüyür

Dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq, hələ də Bakı küçələrində sərbəst hərəkət edən nömrəsiz "Oka" avtomobillərinə rast gəlinir. Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə dövlət qarşısında xidmətlərinə görə paylanan bu maşınlara nömrə vurmadan yollarda sərbəst idarə edirlər. Növbəti belə avtomobili əməkdaşımız mayın 24-də Heydər Əliyev prospektində müşahidə edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, əslində, qanunvericiliyə görə, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, onlara nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla mübarizə aparır və qanunu pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar: "Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur".