Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərin şikayətləri əsasında məhkəmə başlayıb


Sosial 26 May 2018 12:00:16 253 0

Bakıda üç nəfərin ölümünə səbəb olan sürücülərin şikayətləri əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Vüsal Abdullayev və Rəşad Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Ağır qəzada 3 nəfər - 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 22 yaşlı Ramilə Cəfərova dünyasını dəyişib. 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu isə ağır xəsarət alıb.

Dünyasını dəyişənlər və yaralanan şəxslər taksi fəaliyyəti ilə məşğul olmuş R.Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobildə olublar.

Qəzada iştirak edən digər maşın isə "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını olub.

Evakuatorun sürücüsü V.Abdullayev yol hərəkəti qaydalarınıpozaraq yolu qadağan olunmuş hissədən dönüb. Yüksək sürətlə gələn "Mercedes" isə sürəti azalda bilməyib və evakuatora çırpılıb.

Hadisədən sonra saxlanılan hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha artıq şəxsin ölümü ilə nəticələnən avto qəza törətmə) maddəsi ilə ittiham edilirlər.

Məhkəmədə ifadə verən V.Abdullayev özünü qismən, R.Məmmədov isə özünü tam təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abdullayev 10 il, R.Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.