“Neft ralli”si dayandı


Digərləri 26 May 2018 10:41:00 274 0

“Neft ralli”si dayandı

Şist neft hasilatı qlobal bazarda "neft ralli"sini dayandırdı.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, ABŞ-da şist neft istehsalına marağın artması qiymətlərin enməsinə səbəb olub: "Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin bu gün 3 faizdən çox azalmasına səbəb oldu. Artıq "Brent" markalı neftin 1 bareli 77 dollardan ucuz satılır. Qeyd edək ki, 2018-ci ildə sözügedən ölkədə quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10,7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında "qara qızıl" istehsalının artmasından xəbər verir. Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq".