Azərbaycanın ən bədbəxt qadınının həyat tarixçəsi FOTO
Digərləri 26 May 2018 09:32:00 284 0
Bakı şəhər sakini, 39 yaşlı Humay Hüseynovanın yaşadığı ağır ailə dramı hər hansı bir serialın süjet xətti ola bilər.
Əvvəllər hər şey yaxşı, öz axarı ilə gedib. Amma keçmiş qayınatası Vəli Vəliyev yol təsərrüfatına rəhbər təyin ediləndən sonra həyatı dəyişib. Əhmədlidəki 4 otaqlı evdən "Milyonerlər məhəlləsi" kimi tanınan küçədə 4 mərtəbəli villaya köçüblər. Amma orada ona gəlin kimi baxmayıblar, əsl qul rəftarı görüb, döyülüb, təhqir edilib. Keçirdiyi sarsıntılardan sonra xərçəngə tutulub, 7 dəfə cərrahiyyə əməliyyatı keçirib. Nəhayət, boşanıblar, ardınca uşaqları da "soğan-çörək" yeməkdən bezdiklərini bəhanə edərək onu tərk ediblər.
Son.az xəbər verir ki, virtualaz.org-un redaksiyasına müraciət edən Humay deyir ki, qayınatası vəzifədən çıxandan sonra da məhkəmələrə təsir edə bilir. 8 ildir haqqı olan və məhkəmənin qərarı ilə ona verilən əmlakı ala bilmir. Hətta qarşı tərəfin vəkili etiraf edib ki, onkoloji xəstə olduğundan istifadə edərək məhkəmələr vasitəsilə işi yubadırlar, onun ölməsini gözləyirlər. "Ailə qurduğumuz ilk 3 ildə problemimiz olmayıb. Qaynatam vəzifəyə keçəndən sonra varlandı, pul artdıqca evdə problemlər yarandı. Yoldaşım Hüseyn əyləncəli həyata başlamışdı, müxtəlif qadınlarla münasibəti olurdu. Qayınatam isə boşanmağımıza qarşı çıxırdı, 12 il dözdüm. Amma başqa bir qadından övladı oldu, onları da evə gətirməyi, birgə yaşamağı təklif etdi", - Humay danışır.
Şikayətçi deyir ki, sonuncu dəfə Türkiyəyə müayinəyə gediblər, həkim hər 3 aydan bir müayinəyə gəlməyi tapşırıb. Onu əməliyyat masasında tək buraxan Hüseyn ayrılmağı təklif edib. "İndiyədək keçmiş qayınatama qarşı hörmətsizlik etməmişəm, ilk vaxtlar əməliyyat olunmağıma köməklik etdi. Sonuncu əməliyyatdan əvvəl yoldaşım dedi ki, "atam səni evdən buraxmaq istəməyəcək. Ona görə də, özün çıx get, məni atamla üz-üzə qoyma". Qayınatam isə şərt kəsdi ki, "boşansan, uşaqları əlindən alacağam, səni bir parça çörəyə möhtac qoyacağam. Sürünə-sürünə qapıma gəlib məndən çörək pulu istəyəcəksən. Sənin Allahın varsa, mənim də pulum var"", - Humay göz yaşları içərisində xatırlayır.
2010-cu ildə rəsmən boşanıblar, qarşı tərəfin narazılığına baxmayaraq, məhkəmənin qərarı ilə uşaqlar ananın himayəsinə verilib. Amma tanınmış iş adamı - keçmiş qayınata sözünün üstündə durub. "Məhkəmə ayda 300 manat aliment kəsdi, amma cəmi 1 il aliment ödədilər. Uşaqları dolandırmaq üçün aptekdə ikinci növbədə iş tapmışdım. Uşaqlar babaları ilə görüşürdülər, amma onlardan maddi yardım istəmirdim. 2 ildən sonra böyük oğlum babaları ilə yaşamaq istədiklərini söylədi. Dedi ki, "sən bizə yaxşı baxa bilmirsən, babam isə bizə maşın alacaq, xarici ölkələrə aparacaq". 7 ildir oğlanlarıma kənardan baxıram, oğlum məzun olanda məktəbin darvazasının arxasında dayanıb izləyirdim. Qorxdum ki, məni görmək istəməz. 7 illik əzabımı nə yoldaşıma, nə də qayınatama halal eləmirəm".