Azərbaycanlı aparıcı: "Qızım deyir ki, mən də efirə çıxmaq istəyirəm" FOTO


Şou-biznes 25 May 2018 22:44:00 268 0

Azərbaycanlı aparıcı: "Qızım deyir ki, mən də efirə çıxmaq istəyirəm"  FOTO

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Mənim balam" rubrikamızın qonağı Xəzər televiziyasının "Evdəkilərə salam" verilişinin sevilən aparıcısı Aytəkin Mərdanovadır. Müsahibimizin ötən həftə qızı Nərgizin 4 yaşı tamam oldu. İki övlad sahibi olan Aytəkin xanımın oğlu Fəridin isə 11 yaşı var. İşlərinin çoxluğuna baxmayaraq, daim övladlarına da diqqət ayıran müsahibimizi bir də ana kimi tanımağa çalışdıq. 

- Aytəkin xanım, uşaqla işləmək çətin deyil ki?

- Bəzi insanlara çətindir. Amma çox şükür ki, mənə evdə kömək edən anam var. İşsiz qalsam, həyat yoldaşım məndən çox narahat olar. Çünki universiteti bitirəndən bəri öz ixtisasım üzrə çalışıram. 

- Övladınızı böyüdərkən hansı üsuldan yararlanırsınız?

- Hər bir valideynin uşağa öz yanaşma tərzi var. Misal üçün, uşaqları vurmağın tərəfdarı deyiləm. Oğlumun 11 yaşı var, yadıma gəlmir ki, ona nə vaxtsa əl qaldırmışam. Açığı, o özü də dəcəl uşaq olmayıb. Amma yıxılarsa, onun üstündə heç vaxt əsmərəm. Deyirəm ki, adam yıxılar, bunun üçün yerişinə diqqət etməlisən, dur, düzgün şəkildə gəz.   - İndi müəllimlər şagirdlərdən çox valideynlərdən şikayət edirlər. Valideyn müəllimə hədə-qorxu gəlir.

- Əgər müəllimləri övladlarımdan şikayət edərsə, onlara icazə verərəm ki, uşaqlarımı cəzalandırsın. Uşağın üstündə heç vaxt əsmirəm. Uşaq bu gün səhər onu, günorta bunu, axşam filan şeyi yeməlidir deyərək, anamın işlərinə qarışmıram. Şükür ki, övladlarım sağlam böyüyür. Mən ən çox onların təhsilinə fikir verirəm. Övladlarımın təhsili mənim üçün önəmlidir. Oğlumu şahmata, əlavə hazırlıqlara yönəltmişəm. Deyirəm ki, eybi yox, şahmatçı olmasın, amma dostları ilə bir yerdə oturanda boş vaxtlarında desinlər ki, "gəl bir şahmat oynayaq". Yaxud həyətə düşürsə, desin ki, gedək bir futbol oynayaq. Mən istəyirəm ki, övladımın həm təhsili gözəl olsun, həm də hər şeydən anlayışı, dünyagörüşü formalaşsın.

Qızımın 4 yaşı var, bağçaya gedir. Baxmayaraq ki anam baxırdı, mən istədim ki, bağçada ətrafı geniş olsun, orada gimnastikaya, rəssamlığa yazdırmışam. Yoldaşım da, mən də onların yaxşı təhsil alması və övladlarımıza gözəl gələcək verə bilmək üçün çalışırıq. Biz həmişə çalışırıq ki, maaşımızdan kənara qoyaq və yayda övladlarımızla dincəlməyə gedək. Valideynlər var, istirahətə tək gedirlər ki, təki rahat olsun və istədiyi kimi istirahət edə bilsinlər. Mən bunun tərəfdarı deyiləm. Özüm dincəlməsəm də olar, əsas uşaqlar dincəlsinlər. Hər şeyi görsünlər, onlar üçün maraqlı olsun.   - Uşaqlarla nə qədər zaman keçirirsiniz?

- Təəssüflər olsun ki, onlarla çox az zaman keçirə bilirəm. Bu da mənim işimlə əlaqədardır. Ancaq mütləq həftə sonları uşaqlarımı istirahətə aparıram. Geyimlərini özüm seçirəm, hər bir şeylərinə diqqət yetirirəm.

- Efirdə sizi görəndə hansı reaksiyanı verirlər?

- Qızım deyir ki, mən də efirə çıxmaq istəyirəm. Amma oğlum heç sevmir. Hərdən onların sinfinə gedəndə qızlar qaçıb mənimlə şəkil çəkdirmək istəyirlər. Oğlum bu vaxt əsəbiləşir (gülürük).

- Bəlkə onda kişi qısqanclığı var?

- Oğlumda o dediyiniz qısqanclıqdan yoxdur. Ancaq qızımda var. Hətta qardaşını belə mənə qısqanır.

- Deyirlər atalar qızına, analar oğluna meyilli olur.

- Məndə belə deyil. Qızım məni daha çox istəyir. Amma istəmirəm ki, mənə qarşı bu qədər istəyi olsun. Məni görəndə əl çəkmir, hara gedirəmsə mənimlə getmək istəyir. Mən öz sevgimi, məhəbbətimi büruzə verən insan deyiləm. İstər övladlarıma, istər bacı-qardaşlarıma. Amma hər zaman istəyirəm ki, onlara kömək, dayaq olum. Hətta qardaşımın təhsili üçün hər şeyə razıyam ki, təki təhsilini yaxşı mənimsəsin. Təhsil heç zaman ziyana getmir. Bu məsələdə həssasam. Təhsillə bərabər övladlarıma sərbəstlik də verməyə çalışıram. Oğlumu çox sərbəst böyütmüşəm. Əgər futbola gedirsə və yol uzaq deyilsə, deyirəm ki, Fərid, özün get.   - İndiki zəmanədə bu sərbəstlik o qədər yaxşı deyil.


Xəbərə aid fotolar