"Bəxtiyar Vahabzadə məni çağıraraq istədi ki..." FOTO


Kriminal 25 May 2018 22:22:00 286 0

"Bəxtiyar Vahabzadə məni çağıraraq istədi ki..."  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Fiziki işdən heç vaxt xoşum gəlməyib. Amma məktəbdə oxuyanda bunu deməyə utanırdım. Elə bilirdim ki, bu, məndə olan bir qüsurdur və  heç kimə deməməliyəm. Amma Cek Londonun əsərlərini oxuyanda gördüm ki, o da belə imiş. O deyirdi ki, mən 50 saat oturub yazı yaza, danışa, oxuya bilərəm. Amma bir mismarı divara vura bilmərəm. Başa düşdüm ki, bu, mənim qüsurum deyil, sadəcə olaraq fiziki işə meylim yoxdur. Mən ancaq zehni işlə məşğul ola bilərəm".

Bu sözləri bizimlə söhbətində xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov söylədi. Bu dəfə rejissorun uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. Qeyd edim ki, A.Kazımov 1935-ci ildə Ağcabədi rayonunun Ağcabədi kəndində anadan olub: "Ağcabədi rayonu iki yerə bölünürdü və ortadan bir kanal axırdı. Rayonun bir tərəfi Xəlfərəddin, o biri tərəfi isə Ağcabədi adlanırdı. O dövrdə bütün mədəni obyektlər, klublar, kinolar Ağcabədi tərəfdə yerləşirdi. Mən də qismətdən məhz o tərəfdə doğulmuşdum. Ailədə 7 qardaş 4 bacı idik. Onların içərisində elmə, kinoya, teatra maraq təkcə məndə var idi. Bu da mənə anamdan keçmişdi. Anamın yaxşı təqlid qabiliyyəti var idi. Bir dəfə məktəbdə oxuyanda müəllimimiz bizi çağırdı ki, pambığa gedəcəksiniz. Hamı getsə də, mən imtina etdim. Səhəri gün müəllim soruşdu ki, sən niyə dünən yox idin? Dedim ki mən pambığa getməyəcəm. Müəllim mənə bir şillə vurdu, sıradan çıxıb birbaşa evə qayıtdım. Atama dedim ki, mən bir də o məktəbə getməyəcəm, məni Xəlfərəddin məktəbinə yazdır. Yeni məktəbdə dörd yaxın dostum var idi. İsi Məlikzadə mənim sinif yoldaşım idi".

"Bu, Ağakişinin xəttidir"

Müsahibimin kinematoqrafiyaya marağı məktəb illərində yaranıb: "9-cu sinifdə oxuyanda bir gün eşitdik ki, bir nəfər klubda dərnək açıb tamaşa hazırlayır. Mən gələndə artıq rollar da bölünüb paylanmışdı. "Aydın" əsərində iki kəlməlik rol verildi. Sonradan bizi görənlər deyirdi ki, siz Ağcabədi də inqilab etdiniz. Ağcabədi hara, teatr hara? Teatrı, kinonu o qədər sevirdim ki, kinolarda işığı söndürüb-yandırmaq işini görürdüm. Bu işi görərkən bir çox filmlərlə tanış oldum. Məhz o dövrdə məndə kinorejissor olmaq sevgisi yarandı. Beləcə 10-cu sinfə keçəndə kinematoqrafiya institutuna rus dilində məktub yazdım. Bir ay sonra müsbət cavab aldım. O gün sevincimdən uçurdum. Həmin ərəfədə bizim dördlük Fadeyevin "Gənc qvardiyası" adlı filmindən çox təsirlənmişdik. Biz yamanlığa, rüşvətxorluğa qarşı mübarizə aparmaq istəyirdik. Bir gün İsi Məlikzadə dedi ki, gəl mən məktəbdə olanları yazım, sən də vərəqə köçür. Beləcə bizi silkələyən məsələləri böyük hərflərlə yazıb gecə məktəbin giriş qapısına yapışdırdıq. Səhər məktəbin qabağında çaxnaşma var idi. Özümüzü elə aparırdıq ki, guya xəbərimiz yoxdur. Bir az keçməmiş direktor bizim dördlüyün üzvlərini çağırıb soruşdu ki, mən bunu kimin yazdığını bilirəm. Bu, Ağakişinin xəttidir. Bizi sinifdən sinfə keçirməyəcəyini, attestat verməyəcəyini dedi. Hətta bizi şər atdığımıza görə milisə verəcəyini bildirdi. Mən qorxuya düşmüşdüm. Sən demə, bizi qorxutmaq üçün deyirmiş".

"Ağcabədiyə qayıtmağa üzüm yox idi"

Məktəbi bitirəndən sonra yük maşınının kuzasında Yevlaxa, oradan da Bakıya gedən həmsöhbətim Moskvaya instituta qəbul olmaq üçün gedir. Amma bu dəfə də bəxt onun üzünə gülmür: "Bizdən imtahanı Rusiyanın məşhur sənətkarları Sergey Gerasimov və həyat yoldaşı Tamara Makarova götürürdü. 12 yerə 800 ərizə yazılmışdı. Fikirləşdim ki, bura qəbul oluna bilməyəcəyəm. Cavablar çıxanda siyahıda adım yox idi. Kor-peşman hara gedəcəyimi bilmirdim. Pulum da bitmişdi. Yolda "Komsomolskaya pravda" qəzetində Dağ-mədən İnstitutunun tələbə qəbulu elan etdiyini gördüm. Orada qeyd olunurdu ki, SSRİ-yə daxil olan ölkələrdən gələn gənclərə xüsusi güzəştlər tətbiq ediləcək. Birtəhər Rostova gəldim. Sənədlərimi instituta verdim və orda oxumağa başladım. Ağcabədiyə qayıtmağa utandığımdan elə Rostovda qaldım. Bir neçə gün dərslərdə oturdum və başa düşdüm ki, bu sahənin mənə aidiyyəti yoxdur. Azərbaycan Dövlət Teatr İnstitutunun direktoruna məktub yazıb xahiş etdim ki, məni aktyor şöbəsinə qəbul etsinlər. Sonralar direktor mənə dedi ki, belə yanıqlı məktub oxumamışdım. Sənədlərimi götürüb vağzala gəldim. Dedim ki, Bakıya qayıtmaq istəyirəm, amma pulum yoxdur. Uzun çək-çevirdən sonra məni biletsiz qatara keçirdilər. Bizim dördlükdən İsi Məlikzadənin və Xanməmmədin indiki Neft və Sənaye Universitetinə qəbul olunduqlarını bilirdim. Tramvaya minib universitetin yataqxanasını tapdım. Məni içəri buraxmadılar. Dostlarımı çağırdım və onlar məni gördülər. Yağış turbası ilə ikinci mərtəbəyə qalxdım. Gecəni orada qaldıqdan sonra səhəri günü Teatr İnstitutuna getdim və direktoru görmək istədiyimi dedim".


Xəbərə aid fotolar